Əcnəbi diplomatlar birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar

Əcnəbi diplomatlar birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar


İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 4-də Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yaradılan şəraitlə tanış olub.
Qonaqlara ilk Avropa Oyunları, iştirakçı ölkələr, atletlər, baş ofisdə yaradılan şərait barədə ətraflı məlumat verildi.
Bildirildi ki, ilk Avropa Oyunları Asiya, Panamerika, Ümumafrika və Sakit Okean oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. Bu, qitənin 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı çoxşaxəli idman yarışıdır. İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya komitələrinin 41-ci Baş Assambleyasında qəbul olunub. Məhz bu tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ Bakıya verilib. İlk Avropa Oyunlarında 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya olmaqla idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparılacaq. Bundan başqa, idmanın 12 növü - kamandan oxatma, atletika, çimərlik voleybolu, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş üzrə Rio-2016 Olimpiadasına təsnifat imkanları təqdim olunacaq.
Diqqətə çatdırıldı ki, Oyunlara hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən bütün işlər artıq başa çatmaq üzrədir.
Qeyd olundu ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına nəinki qitə, eləcə də dünya ictimaiyyəti böyük maraq göstərir. Təsadüfi deyil ki, Oyunların açılış mərasimində Avropanın 20-dən çox ölkəsinin dövlət və hökumət başçıları, eləcə də 40-a yaxın ölkədən nazirlər iştirak edəcəklər.
Qonaqlara, həmçinin Bakı-2015-in idman və ulduz elçiləri barədə məlumat verildi. Bildirildi ki, Azərbaycanın və dünyanın idman, mədəniyyət, incəsənət, kino, televiziya və digər sahələrdə tanınmış xadimləri idman və ulduz elçiləri kimi Oyunların təbliğində fəal iştirak edirlər.
Daha sonra diplomatlar BEGOC-un əməliyyat mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, ilk Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunur. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün ən müasir şərait yaradılıb.
Qonaqlar Oyunlar haqqında ətraflı məlumata görə dərin minnətdarlıqlarını bildirib, BEGOC-un baş ofisi ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.