"Bakı-2015 birinci Avropa Oyunlarında iştirak edəcəyim üçün çox sevinirəm”. Bu sözləri ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi yunanıstanlı Vasiliki Vouqiouka mötəbər idman yarışı barədə danışarkən deyib. Qılıncoynatma üzrə müxtəlif beynəlxalq yarışlarda on yaşından başlayaraq mübarizə aparan idmançı karyerası ərzində bir çox medallar qazanıb. O, 2012-ci və 2013-cü illərdə Avropa çempionatında gümüş medallara sahib olub. "Uğur qazanmaq üçün daim inamlı və cəsarətli olmağa çalışıram”, - deyən Vasiliki Vouqiouka 2012-ci ildə Londonda keçirilən dünya kubokunda qalib gəlməsini özünün ən böyük uğuru hesab edir.
Ən çox sevdiyi filmin "Birdman”, kitabın "The Art of Communication (Ünsiyyət sənəti)”, şəhərin Nyu-York, qəhrəmanın isə "Superman” olduğunu vurğulayan Vasiliki Vouqiouka deyib: "Boş vaxtlarımda adətən məşqçimlə birlikdə fiziki və texniki qılıncoynatma məşqləri edirik. Mən Valentina Vezzalinin azarkeşiyəm. Çünki o, uzun illərdir dünyanın ən yaxşı qılıncoynadanıdır. İlk Avropa Oyunlarında yarışacağım üçün həyəcanlıyam. Əminəm ki, Bakı ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək.