Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti mayın 11-də birinci Avropa Oyunları "Alovqoruyanları”nın yürüşünü təşkil edib.
Dənizkənarı Milli Parkda Bakı Dəniz Vağzalının yaxınlığından start götürən və könüllülərin qatıldığı yürüş parkın Yeni Bulvardakı attraksion-panoramın yanında başa çatıb.
BAOƏK-un könüllülərlə iş departamentinin mütəxəssisi Vüsal Bağırov deyib ki, tədbirin məqsədi könüllərin komanda işinin təşkili, birlikdə işləmək bacarıqlarının yoxlanılması, həmçinin könüllərin və ölkəmizin Bakı-2015 Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir. Bu yürüş könüllülər üçün təşkil olunan son tədbirdir. Könüllülərin Avropa Oyunlarının keçiriləcəyi yarış məkanlarını yaxından tanımasını istərdik. Avropa Oyunlarında minlərlə könüllü iştirak edəcək. Bu yarış həm də könüllülərin Avropa Oyunlarına tam hazır olduğunu göstərir. Azərbaycan artıq Avropa Oyunlarında tarix yazmağa hazırdır.
Bakı-2015-in könüllülər departamentinin baş meneceri Anna Poronik qalibləri təbrik edərək deyib ki, Avropa Oyunlarının başlanmasına 32 gün qalıb və könüllülərin çoxu təlimlərdə iştirak ediblər: "Biz bundan sonra da könüllərlə yarışların keçiriləcəyi məkanlarda birgə işləməyə davam edəcəyik”.
Yarışın qalibləri Avropa Oyunlarına açılış mərasiminə biletlər, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonra könüllülər arasında müxtəlif viktorinalar, yarışlar təşkil olunub.
Qeyd edək ki, Bakı-2015 birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda idmanın 20 növü üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir.
Birinci Avropa Oyunlarına 18 minədək könüllü cəlb ediləcək.