Avropa Oyunlarının məşəli Naftalana yola salınıb

Avropa Oyunlarının məşəli Naftalana yola salınıb



Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən Goranboy rayonuna gətirilib.
Olimpnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini iştirak edib. Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla salamlayıblar.
Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul edib. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında ulu öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb. Sonra Bakı-2015-in çırağı yandırılıb. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.
Birinci Avropa Oyunlarının məşəli Goranboydan Naftalan şəhərinə yola salınıb.