Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015” veloyürüşü Azərbaycanın "Synergy Baku Cycling Project” komandası üçün möhtəşəm nailiyyətlə başa çatdı. Belə ki, təmsilçimiz sonuncu mərhələdəki uğurlu çıxışı ilə 25 kollektiv arasında komanda hesabında 1-ci yerə çıxdı.
Yarışın sonuncu, 5-ci mərhələsi Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutub və məsul yarış öncəsi son sınaq xarakteri daşıyıb. Start və finiş xətti "Azadlıq Meydanı”nda olan bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət ediblər.
4 mərhələdən sonra komanda hesabında Sloveniyanın "Adria Mobil” klubuna 42 saniyə uduzan "Synergy Baku” paytaxt küçələrində əla taktiki gedişlər nümayiş etdirərək nəinki bu geriliyi aradan qaldırıb, hətta rəqibini 29 saniyə qabaqlamağı da bacarıb və bununla da 1-ci yerə layiq görülüb.
Uğurlarımız bununla da bitməyib - 3-cü mərhələdən etibarən dağ mərhələlərində daha yaxşı nəticə göstərərək qırmızı rəngli "AZAL” köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bü üstünlüyünü sonuncu mərhələdə də qoruyub və bununla da "Synergy Baku” "Tour d’Azerbaidjan-2015”i qırmızı köynəklə başa vurub.
5-ci mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən Rusiyanın "Rusvelo” komandasının üzvü Sergey Firsanov 3 saat, 32 dəqiqə, 10 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin və "Synergy Baku”nun üzvü Matey Müqerli qalibə çüzi fərqlə uduzmaqla 2-3-cü yerləri tutublar.
5 mərhələdən sonra "Adria Mobil”in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy” köynəyini özündə saxlayıb. İlk 10-luqda "Synergy Baku” komandasının 2 üzvü yer alıb - Matey Müqerli 3-cü, Maksim Averin isə 7-ci yeri tutub.
Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil” komandasının digər üzvü Marko Kump yaşıl rəngli "SOCAR” köynəyinə yiyələnib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa” komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding” köynəyinə sahib çıxıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan "AzVİF” köynəyinə isə Maksim Averin layiq görülüb. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, "Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışdan sonra keçirilən mətbuat konfransında deyib: "Tour d’Azerbaidjan-2015” çox maraqlı və kifayət qədər gərgin keçdi. Bütün mərhələlər canlı yayımlandı və hamı yarışın yüksək səviyyədə keçməsinin şahidi oldu. Məqsədimiz komandaların razı qalması idi və xoş haldır ki, narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla da Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışı ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.
"Tour d’Azerbaidjan-2015”in Bakı-2015-in şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində keçirilən sonuncu mərhələsini Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil etdiklərini deyən vitse-prezident qeyd edib ki, sınaq yüksək səviyyədə baş tutub. O, "Synergy Baku”nun çempionluğunu da yüksək qiymətləndirib: "Biz ildən-ilə hər şeyi yaxşılaşdıracağıq. Bu işlərə də başlayanda məqsədimiz bu olub. Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə idmanına böyük diqqət və qayğı göstərir. Velosiped idmanı da bunun sayəsində inkişafdadır. Artıq ilk bəhrələri görməkdəyik. Avropa Oyunlarına gəlincə, yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Biz də yaxşı nəticələr göstərmək istəyirik. Çünki, bu möhtəşəm yarışda yüksək təşkilatçılıqla yanaşı, əla nəticələr də vacibdi”.
Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov da yarışla bağlı təəssüratlarını bölüşüb: "Tour d’Azerbaidjan-2015”də təşkilatçılıq çox yüksək səviyyədə idi. Əminliklə deyə bilərəm ki, Bakı qitənin ilk Oyunlarını keçirməyə tam hazırdır”. "Synergy Baku” da çox uğurla çıxış etdi və çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı. Bu templə davam edərsə, "Tour d’Azerbaidjan” daha nüfuzlu yarışlarda iştirak edə bilər”.
Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer də gördüklərindən yaxşı mənada təəccübləndiyini deyib: "Bu yarış 4-cü ildir ki, keçirilir və ildən-ilə turnirin səviyyəsi yüksəlir. Azərbaycanda hər cür şərait var. Yollar gözəldir, otellər əladır. Heç məşhur "Tour de France” yarışında komandalar belə yüksək səviyyəli otellərdə qalmırlar. İştirakçıların təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. 5-ci mərhələ barədə deyə bilərəm ki, Avropa Oyunları üçün ideal marşrutdur. Bu yarışda da bizi çox gərgin mübarizə gözləyir. Çünki Oyunlarda qitənin ən güclüləri yarışacaq”.