Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da qədim od məbədi Atəşgahda Birinci Avropa Oyunlarının məşəlini yandırdı. Məşəli başı üstündə bayraq kimi tutan Prezident qürur hissi ilə xalqımızın milli mənəvi dəyərlərini bütün dünyaya nümayiş etdirdi. Biz həmişə oddan güc almışıq. Həmişə oddan bərəkət götürmüşük. Təsadüfi demirlər ki, Azərbaycan odlar ölkəsidir. Bu gün də belədir. Xalqımızın inam, güvənc yeri Atəşgahdan götürülmüş od, məşəl insanların həyatına ruzi, bərəkət, sağlamlıq və xoşbəxtlik gətirir. İndi həmin məşəl bütün Azərbaycanı dolanır. Özü ilə insanlara sevinc bəxş edir. Bütün ölkəmiz bayram libasina bürünür. Məşəlin yandırılması mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyub. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması dünya tarixində nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.
Bəli, Prezident haqlıdır. O, Azərbaycanın siyasi quruluşunu çox dəqiq və demokratik şəkildə ifadə edir.
Prezidentin yandırdığı məşəl indi bölgədən-bölgəyə, rayondan-rayona keçir. Ölkəmizin məşhur idmançıları hər rayonda məşəli qəbul edir və əhalinin alqış sədalari altında öz rayonlarında yenidən alovlandırırlar. Hər gün rayonlarımızdən gələn məşəl xəbərləri ürəyimizi sevinc məşəlinə döndərir. Hər bölgədə bir sevinc hissi, bayram əhvalı-ruhiyyəsi var.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkə əhalisində böyük qürur hissi yaradır. Bəzi bölgələrdə məşəli orta məktəb şagirdləri qəbul edir. Bu, onu göstərir ki, məşəl bütün yaş dövrlərini ahətə edir, onu bütün insanlar - sənətindən, peşəsindən, yaş məhdudiyyətindən asılı olmayaraq, hər kəs alovlandıra bilər. İdman bayramının humanizmi məhz budur.
Məşəlin şərəfinə konsertlər verilir, milli adət-ənənələrimiz nümayiş olunur, xalq oyunları, rəqslər meydana toplaşanları sevindirir.
Məşəl mədəniyyətimizi, xalqın içində, təfəkküründə kök salmış bütün gözəl xüsusiyyətləri üzə çıxarır, hamını bir-biri ilə doğmalaşdırır. Məşəl bu gün də Azərbaycanı dolaşmaqdadır. Onun şərəfinə insanlar ayağa qalxır, hər bölgə öz adət-ənənəsinə uyğun qarşılayır məşəli.
Yadıma "Kitabi-Dədə Qorqud” dastanında yandırılan tonqallar düşür. O tonqallar oğuz bəylərinin birliyini və qələbəsini göstərirdi. Novruz bayramında yandırdığımız tonqalları da bura əlavə etsək, görərik ki, tonqal həmişə vətənimizdə şadlıq, sevinc bayramı simvolu olub. Mən həmin tonqalları bu gün Azərbaycanımızı qarış-qarış gəzən Birinci Avropa Oyunları məşəlinin sələfi hesab edirəm. Bu gün ölkəmizin hər yerində məşəllər yanır. Həmin məşəllər Avropa Oyunlarına və bizi qələbələrə aparan yolları işıqlandırır.
Qəşəm Nəcəfzadə