Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 7-də İmişlidən Qarabağ torpağına - cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirildi. Axşam saatlarında məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub. Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl yürüşü başlandı. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəldilər. Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər Bakı-2015 birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşıladılar. Sonuncu yürüşçü, Horadiz şəhər 3 nömrəli tam orta məktəbinin idman müəllimi Rövşən Ələsgərov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırıldı. Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrildi. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qaldı. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 20 min nəfərə yaxın Füzuli sakininin böyük sevincinə səbəb oldu. Məşəl festivalı atəşfəşanlıqla başa çatdı.
Mayın 9-da xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Minlərlə məcburi köçkün əllərində gül-çiçək və bayraqlar Bakı-2015 birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini şəxsən yaşamaq üçün qəsəbənin küçələrinə axışırdı. Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında 320 ailəlik qəsəbədə böyük coşqu və alqış sədaları ilə qarşılandı. Alov estafetini Xocavənd rayonundan olan məşəlçi - sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul etdi. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlandı. On nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı meydanına gəldi. Yol boyu düzülən xocavəndlilər estafet iştirakçılarını hərarətlə qarşıladılar. Alov estafetinin sonuncu iştirakçısı - qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə qaldırdı. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və şarlar buraxıldı. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim etdi.
Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən daha bir diyarı - Ağcabədi olub. Mayın 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirildi. Rayonun minlərlə sakininin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlandı. Üzeyir Hacıbəyli və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılandı. Sonuncu yürüşçü - rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırdı. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim etdi.
Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirildi. Axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi oldu. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana - Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına gəldilər. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı Bakı-2015 birinci Avropa Oyunlarının məşəlini coşqu ilə qarşıladı. Sonuncu yürüşçü - futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər Bakı-2015-in rəmzi kimi rayonda saxlanılacaq. Minlərlə ağdamlının iştirak etdiyi Alov festivalı atəşfəşanlıqla başa çatdı.
Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli Naxçıvandan başlayaraq respublikamızın bir çox rayonlarından keçməklə mayın 12-də Zərdaba gətirilib. Ana Kürün sahilində yerləşən Zərdab şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Beləliklə məşəlçilərin yürüşü başlandı. On məşəlçi yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına gəldilər. Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə çıxdılar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə Heydər Əliyev parkına gətirildi. Parkda yürüşçülər hərarətli alqışlarla qarşılandılar. Şəhərdə 3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdılar. Karatenin VKC növü üzrə dünya və ikiqat Avropa çempionu, idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu kurs tələbəsi Nərmin Camalzadənin yandırdığı ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi. Respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı Zərdab sakinlərinə və qonaqlara ikiqat bayram sevinci yaşatdı. İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola salındı.
Mayın 12-də Tərtər şəhərində qələbəlik idi. Şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Əllərində üçrəngli bayrağımızı, gül-çiçək və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər. Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılandı. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırdı. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatdı. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edildi. Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam etdi.
Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə gətirildi. Sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başladı. On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü - Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edildi. Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırdı. İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan qədim Nüşabə yurdu Bərdəyə yola salındı.
Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan Nüşabə yurduna - Aran Qarabağın qədim şəhəri Bərdəyə gətirilib. Şəhərin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu. Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəldilər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edildi. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırdı. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaratdı. Alov festivalı atəşfəşanlıqla başa çatdı. Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanıb.
Məşəl estafeti marşrutunun keçdiyi yerlərdə yandırılan Çıraq yarışların sonuna qədər Bakı-2015-in rəmzi kimi rayonlarda saxlanılacaq. Qeyd edək ki, bütün mərasimlərdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.