II Avropa Oyunlarına Niderland ev sahibliyi edəcək

II Avropa Oyunlarına Niderland ev sahibliyi edəcək



Niderland 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bu haqda qərar Avropa Olimpiya Komitəsinin (AOK) Türkiyənin Bələk şəhərində keçirilən Baş Assambleyasında qəbul olunub.
AOK-a üzv olan 50 Milli Olimpiya Komitəsinin təmsil olunduğu tədbirdə Niderland Olimpiya Komitəsinin təmsilçiləri geniş təqdimatla çıxış ediblər.
AOK-un prezidenti Patrik Hikki ikinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanması münasibətilə Niderland təmsilçilərini təbrik edib və yarışların yüksək səviyyədə təşkil olunacağına əminliyini vurğulayıb. P.Hikki deyib ki, tarixdə ilk Avropa Oyunları Azərbaycanda təşkil olunacaq. Azərbaycanın paytaxtı artıq mötəbər yarışa tam hazırdır. İyunun 12-dən 28-dək bütün dünyanın diqqəti məhz Bakıya yönələcək.
Birinci Avropa Oyunlarının keçirilməsi haqda qərar 2012-ci il dekabrın 8-də AOK-un Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilib. Məhz həmin tədbirdə 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ Bakı şəhərinə verilib. Bakı-2015 Oyunları ümumilikdə idmanın 20 növü üzrə keçiriləcək. Onlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növüdür. İdmanın 12 növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandıracaq.
İlk Avropa Oyunlarında Avropanın müxtəlif ölkələrindən 6 mindən artıq idmançı 17 yarış günündə 253 dəst medal uğrunda mübarizə aparacaq.