Kolin Gibson: “Avropa Oyunlarını işıqlandırmaq üçün təxminən 800 xarici və 600–dən artıq yerli media nümayəndəsi müraciət edib”

Kolin Gibson: “Avropa Oyunlarını işıqlandırmaq üçün təxminən 800 xarici və 600–dən artıq yerli media nümayəndəsi müraciət edib”



Hər ötən gün bizi ölkəmizdə və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına yaxınlaşdırır. İyunun 12-dən 28-dək Azərbaycan və paytaxt Bakı şəhəri Avropanın idman paytaxtına çevriləcək. Qitənin 6 mindən çox atleti Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündə 153 dəst medal uğrunda qüvvəsini sınayacaq. Yarışları izləmək üçün idmançılarla bərabər, rəsmi qonaqlar, media nümayəndələri də ölkəmizə təşrif buyuracaqlar.
"Olimpiya dünyası” qəzeti Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Kolin Gibsonla Avropa Oyunlarının KİV vasitəsilə təbliği, ölkə və xarici media nüməyəndələrinin akkreditasiyası, Media Kəndi ilə bağlı və s. məsələlər barədə eksklüziv müsahibəni oxuculara təqdim edir.

- Cənab Kolin Gibson, Avropa Oyunlarının təbliğatında və mətbuatda işıqlandırılmasında media böyük rol oynayır. Bakı-2015 Oyunlarının media vasitəsilə təbliği necə həyata keçirilir?

-Hər hansı beynəlxalq idman tədbirinin təbliğində medianın rolu əvəzsizdir. Bakı-2015 Avropa Oyunları da belə tədbirlərdən biridir. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) indiyədək mətbuat nümayəndələri ilə dəfələrlə görüşlər təşkil edib. Media işçiləri üşün keçirilən mətbuat konfranslarında müxtəlif mövzular - könüllülər, biletlər, sınaq tədbirləri, nəqliyyat və akkreditasiya barədə geniş məlumat verilib. BEGOC həm də ilk Avropa Oyunlarının beynəlxalq media vasitəsilə də təbliğini həyata keçirib. Qeyd edim ki, yalnız ötən həftə müsahibələr, studiya qonaqları, obyektlərə səfərlər və "alovqoruyanlar”la interaktiv görüşlərin keçirilməsi üçün bizə yerli mediadan 118 müraciət daxil olub.

2. Avropa Oyunlarında idmançılardan müsahibələrin götürülməsi üçün mediaya xüsusi qaydalar tətbiq etməyi planlaşdırırsınızmı?

-Mətbuat nümayəndələri Avropa Oyunlarında mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərdə tətbiq olunan akkreditə qaydalarına uyğun işləyəcəklər. Burada fotoqraflar və qeyri-rəsmi yayım nümayəndələri üçün davranış qaydaları tətbiq ediləcək. Məmnunluqla bildirirəm ki, biz, informasiya zonasının yaradılması kimi bəzi mühüm yeniliklər etmişik. Belə ki, informasiya zonası akkreditə edilmiş medianın, o cümlədən qeyri-rəsmi yayım nümayəndələrinin yarışı başa vuran idmançılardan müsahibə götürə biləcəyi rahat mühit rolunu oynayacaq.

3. Yarışlarda iştirak edəcək xarici KİV nümayəndələrinin akkreditasiyası necə həyata keçirilir?

- Xarici KİV nümayəndələrinin akkreditasiyası mərkəzləşdirilmiş qaydada Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən aparılır. Komitədə bu sahədə təcrübəsi olan beynəlxalq və yerli peşəkarlar birlikdə çalışırlar. Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün təxminən 800 xarici və 600–dən artıq yerli media nümayəndəsi müraciət edib. Akkreditasiyadan keçmiş xarici KİV nümayəndələri BEGOC tərəfindən veriləcək akkreditə kartı və şəxsiyyəti təsdiq edən sənəd əsasında sərbəst fəaliyyət göstərə biləcəklər.

4. BEGOC akkreditasiya prosesi ilə bağlı müsbət fikirdədəir. Cənab Gibson, kommunikasiya şöbəsinin direktoru kimi bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.

-Medianın akkreditasiyası prosesi və onun nəticələri bizi qane edir. Bu proses Olimpiya oyunlarında və digər beynəlxalq tədbirlərdə çalışan peşəkar heyət tərəfindən idarə edilir. Onlar ilk Avropa Oyunlarının təbliği baxımından Bakı şəhərinə daha çox jurnalistin gəlməsi üçün akkredetasiyanın müddətini uzadılmasına nail oldular. Bu da qeydiyyatdan keçə bilməyən media nümayəndələri üçün böyük imkan yaratdı. Proses başa çatdıqdan sonra KİV nümayəndələrinə elektron poçt vasitəsilə akkreditasiyalarının təsdiqlənməsi barədə məlumat verildi. Beynəlxalq media nümayəndələrinə akkreditasiya vəsiqələri göndəriləcək və bu vəsiqələr ölkəyə daxil olmaq üçün viza rolunu oynayacaq. Azərbaycanın akkreditə edilmiş media nümayəndələri may ayının 29–dan başlayaraq öz akkreditasiya vəsiqələrini ala bilərlər.

6. Cənab Gibson, Media Kəndində həm yerli, həm də xarici media üçün yaradılan şərait barədə məlumat verməyinizi xahiş edirik.

-Media kəndi çoxnövlü idman yarışlarının keçiriləcəyi tədbirin mərkəzi qovşağıdır və bu baxımdan Avropa Oyunları istisna təşkil etmir. KİV nümayəndələrinin öz fəaliyyətlərini effektiv həyata keçirmələri üçün Media Kəndi bütün texniki parametrlərə cavab verir. Media kəndində həddən artıq sərfəli qiymətlərlə dünya standartları səviyyəsində otaqlar təklif edilir. Bu otaqlar müasirliyi ilə diqqət çəkir və akkreditə olunmuş hər bir media nümayəndəsi bu imkandan istifadə edə bilər. Bakı şəhərində media üçün bundan əlavə, iaşə xidmətləri də göstəriləcək və jurnalistlərə kömək məqsədilə məlumat büroları yaradılacaq.


Səadət Hakıyeva