Fransanın www.francsjeux.com saytında "Bakı, hər şey hazırdır” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə mayın 12-də Bakıda birinci Avropa Oyunlarına 30 gün qalması münasibətilə atəşfəşanlıq təşkil edildiyi bildirilir. "Hələ görüləsi işlərimiz var”, - deyən Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin belə mötəbər çoxnövlü idman yarışlarına hazırlıq üçün adətən yeddi il vaxt ayrılmasına baxmayaraq, Bakıda bütün işlərin 30 ayda yekunlaşdırıldığı barədə fikirləri yazıda xüsusi vurğulanıb.
Qeyd edilib ki, Oyunların Avropada yayımı ilə bağlı artıq 50 şirkətlə danışıqlar aparılıb. Birinci Avropa Oyunları Asiyada, ABŞ-da və Yaxın Şərqdə də yayımlanacaq. Yarışlar zamanı 12 mindən çox könüllünün xidmətindən istifadə olunacaq. Diqqətə çatdırılıb ki, Oyunların məşəli hazırda Azərbaycanın bölgələrini dolaşmaqdadır. Məşəl iyunun 12-də Bakı Olimpiya Stadionuna gətiriləcək və orada təntənəli açılış mərasimində alovlandırılacaq.