Avropa Oyunlarının məşəli Tovuzda

Avropa Oyunlarının məşəli Tovuzda


Birinci Avropa Oyunlarının məşəli mayın 19-da söz və saz diyarı olan, gündən-günə abadlaşan və gözəlləşən Tovuz şəhərinə gətirildi. Minlərlə rayon sakini Heydər Əliyev prospekti boyu düzülərək ilk Avropa Oyunlarının məşəl estafetini böyük sevinclə qarşıladılar.
Olimpnews.az AZƏRTAC-a istunadən xəbər verir ki, taekvondo üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov şəhər parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. 2,6 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar alqış sədaları altında Heydər Əliyev parkına gəldilər.
Beynəlxalq dərəcəli məşqçi-hakim, taekvondo üzrə Avropa çempionatının mükafatçısı Coşqun Nadirov parkın qarşısında qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək "Bakı-2015”in rəmzi kimi Tovuzda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.