Xorvatiyalı velosipedçilər Türkiyəyə yaxınlaşıblar

Xorvatiyalı velosipedçilər Türkiyəyə yaxınlaşıblar


"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnik şəhərindən yola düşən Xorvatiyanın "Pedalinac” velosiped klubunun üzvləri Türkiyəyə yaxınlaşıblar. Mayın 20-də isə yürüş iştirakçıları Bakı istiqamətində hərəkətə başlayacaqlar. Velosipedçilər Gürcüstan ərazisindən keçərək Azərbaycana gələcəklər. Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilən layihə birinci Avropa Oyunlarının təbliği məqsədini daşıyır.
Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan "Pedalinac” klubunun üzvləri 35-40 gün ərzində Xorvatiya, Monteneqro, Albaniya, Makedoniya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri ilə təqribən 4000 kilometr məsafə qət etdikdən sonra birinci Avropa Oyunlarının açılış mərasiminə qatılacaqlar. "Pedalinac” klubu Pekin-2008 Olimpiadası ərəfəsində Zaqreb-Pekin marşrutu üzrə 12 min kilometr uzunluğunda dörd aylıq veloyürüş təşkil etmişdi. Daha sonra "London-2012” və "Soçi-2014” Olimpiya Oyunlarından əvvəl Xorvatiyadan həmin şəhərlərə də velosiped yürüşləri həyata keçirilmişdi.