Bakıda keçiriləcək birinci Avropa Oyunları Ukraynanın dövlət müəssisələrinin və KİV-lərinin rəsmi saytlarında ən aktual hadisələrdən və mövzulardan biri olaraq qalmaqdadır.
Ukraynanın Gənclər və İdman Nazirliyinin saytında Ukrayna dilində yerləşdirilən material belə adlanır: "Azərbaycanın Ukraynadakı səfirliyi Bakının birinci Avropa Oyunlarına hazır olması barədə məlumat verib”.
Ukrayna Nazirliyinin portalı Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin mayın 12-də diplomatik nümayəndəliyimizdə keçirilən brifinqdə söylədiyi sözləri sitat gətirib: "Azərbaycan düz bir ay sonra Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərini faktiki olaraq başa çatdırıb”.
Saytda Ukraynanın gənclər və idman nazirinin müavini Nikolay Movçanın brifinqdə çıxışında dediyi bu sözlər yer alıb: "Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu il mayın 6-da Brüsseldə Avropa idmanı gecəsində birinci Avropa Oyunlarına hazırlığın təqdimatı ilə çıxış edib. Tədbirdə iştirak edən Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov da, Avropanın idman ictimaiyyəti də Azərbaycanın Avropa Oyunlarına hazırlıq işini yüksək qiymətləndirib.
Analoji material hökumət portalında da yerləşdirilib:
Müstəqil İnformasiya xətti http://infoline.ua/ "Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı faktiki olaraq başa çatdırıb” sərlövhəli materialında Azərbaycanın Ukraynadakı səfirinin çıxışından bu sözləri sitat gətirib: "Birinci Avropa Oyunlarının keçirilməsi üçün məhz Bakının seçilməsi bizim dövlətimiz üçün böyük şərəfdir. Bu Oyunlara hazırlıq işləri son dərəcə yüksək səviyyədə keçirilib: onlarla obyekt tikilib və bərpa edilib, nəqliyyat və mehmanxana infrastrukturu, Olimpiya kəndi yaradılıb”.