Bakı-2015 Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunlarının yayımlanması ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilə imzalayıb. Beynəlxalq yayım əhatəsini genişləndirən Bakı-2015 Ukraynanın NTU, Gürcüstanını İctimai kanalı, Norveçin TV2, İsrailin "Sport 5” ("Sport Channel”) və "Sport 1” ("Çarlton”) televiziya şirkətləri ilə müqavilə bağlayıb. BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. "Ukrayna, Gürcüstan, Norveç və İsrailin idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməsindən məmnunuq. Məqsədimiz ilk Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə təqdim etməkdir. Bu yayım sazişləri məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir. ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca ən son bağlanmış bu müqavilələr ilk Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir daha sübut edir”, - deyə o əlavə edib.