Türkiyəli Avropa və dünya çempionu Bakı-2015-in növbəti idman elçisi seçilib

Türkiyəli Avropa və dünya çempionu Bakı-2015-in növbəti idman elçisi seçilib


Bakı-2015 Əməliyyat Komitəsi (BEGOC) mayın 15-də güləş üzrə Türkiyə çempionu Taha Akgülün iyunun 12-də start götürəcək birinci Avropa Oyunlarının idman elçisi seçildiyini açıqlayıb.
Sərbəst güləş üzrə Avropa və dünya çempionu Taha Akgül (120 kq) 2012-ci, 2013-cü və 2014-cü illərdə ardıcıl olaraq qitə birinciliyinin qalibi adını qazanıb. O, həmçinin 2014-cü ildə dünya çempionatında qızıl medalın sahibi olub. BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Taha Akgülü ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi kimi salamlamaqdan məmnunuq. Birinci Avropa Oyunlarında onun kimi bacarıqlı və təcrübəli idmançıların iştirakı iyunda necə mötəbər tədbirin şahidi olacağımızın mükəmməl sübutudur. Tahanın bu günədək elə də uzun olmayan karyerası ərzində qazandığı müvəffəqiyyətlər onun idmana verdiyi töhfəni əks etdirir. Təmsil etdiyi idman növü üzrə birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün yarışacağı günü səbirsizliklə gözləyirik. Atası və qardaşı da güləşçi olan Taha Akgül deyib: "Birinci Avropa Oyunlarının idman elçisi olduğum üçün çox həyəcanlıyam. Bir ay boyunca Bakıda mübarizə aparacağım günü səbirsizliklə gözləyirəm. Bakı-2015-də ölkəmi təmsil etmək mənim üçün qürurvericidir. Mübarizə apardığım kateqoriya üzrə birinci Avropa Oyunlarının çempionu olmaq üçün bütün gücümü səfərbər edəcəyəm”. Türkiyə Olimpiya Komitəsinin prezidenti Uğur Erdener də bu barədə fikirlərini açıqlayarkən deyib: "Taha çox uğurlu idmançıdır. Onu Bakı-2015-in idman elçisi kimi görməkdən məmnunam. Avropanın hər bir yerində Bakı-2015 ilk Avropa Oyunlarını və güləşi təbliğ edərək mükəmməl iş görəcəyinə əminəm”. Bakı-2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək, Avropa Oyunlarının təbliği üçün qitədə və sosial mediada aparılan marketinq kampaniyalarına qoşulacaqlar. Taha Akgül almaniyalı stolüstü tennisçi Dmitri Ovtçarov, yunanıstanlı qılıncoynadan Vasiliki Vuquka, irlandiyalı boksçu Keti Teylor, Böyük Britaniya taekvondoçusu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın basketbol 3x3 komandasının üzvləri, polşalı dağ velosipedçisi Maya Vloşçovska, italiyalı atıcı Nikolo Kampriani və Rusiyanın çimərlik futbolçuları - Andrey Buxlitski, İlya Leonov və Anton Şkarindən sonra Bakı-2015-in növbəti beynəlxalq idman elçisi olub. Bakı-2015-in güləş yarışları iyunun 13-dən etibarən 6 gün ərzində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Bu yarışlarda 480 idmançı 24 dəst medal uğrunda mübarizə aparacaq.