Bakı Su İdmanı Sarayında üzgüçülərin ilk təlim-məşqi keçirilib

Bakı Su İdmanı Sarayında üzgüçülərin ilk təlim-məşqi keçirilib



Mayın 20-də Bakı Su İdmanı Sarayının əsas yarış hovuzunda I Avropa Oyunlarından əvvəl 20 gənc üzgüçünün iştirakı ilə təlim-məşqə start verilib.
Olimpnews.az saytının verdiyi xəbərə görə, tədbirdə Bakı-2015 Avropa Oyunlarının idman şöbəsinin direktoru Pirs O` Kallahan hovuzun Olimpiya standartlarına uyğun inşa edildiyini bildirdi. O, bu idman qurğusunun üzgüçülüyün müvafiq növləri üzrə gələcəkdə Azərbaycanda dünya və Avropa çempionlarının yetişməsi üçün əlverişli təlim mərkəzi rolu oynayacağını ifadə etdi.
Bakı Su İdmanı Sarayının baş meneceri xanım Lauren Skrimqurun sözlərinə görə, arenada üç hovuz fəaliyyət göstərir. Yerli və beynəlxalq səviyyəli müxtəlif su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. İkinci hovuz isə trampilindən suya tullanma yarışları üçün nəzərdə tutulub. Burada 1 m, 3 m, 5 m, 7,5 m və 10 m hündürlükdən tullanma üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Sarayda məşqlər üçün üzgüçülük hovuzu da inşa edilib. Lazım gəldikdə bu hovuzu iki hissəyə ayırmaq mümkündür. Hovuzun hissələrindən birinin dibi dəyişə bilir ki, bu da istər böyüklərə, istərsə də uşaqlara məşq etmək imkanı verir. Həmin hovuzun uzunluğu 51,5 m, eni 25 m, dərinliyi isə 2 metrdir.

Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu yarışlar azyaşlı və istedadlı idmançıların üzə çıxmasında böyük rol oynayacaq və eləcə də üzgüçülərimizin peşəkarlığının artırılmasında öz müsbət təsirini göstərəcək. "Bizdə üzgüçülük idman növü Avropa ölkələri ilə müqayisədə yeni inkişaf etməyə başlayır. Bu növün inkişafı üçün müəyyən işlər görülür. Hazırda istedadlı idmançılarımızdan Fatimə Ağakərimovanın adını çəkə bilərəm ki, Avropa Oyunlarında öz sözünü deyə biləcək. 13 yaşı olmasına baxmayaraq Fatimə öz yaşında dünyanın və Avropanın güclü idmançıları ilə rəqabət aparmaq qabiliyyətinə malikdir. O, ölkə çempionu və Heydər Əliyev turnirinin qalibidir. Potensialımız var və inanıram ki, bu cür yüksək səviyyədə yaradılan şəraitdən sonra üzgüçülərimiz öz imkan və bacarıqlarının nümayiş etdirəcəklər”.
Tədbirdə Bakı-2015-in ulduz elçisi kimi qismində iştirak edən Murad Dadaşov Avropa Oyunlarında ailəsi ilə birgə Azərbaycan idmançılarını dəstəkləyəcəyini bildirdi. O dedi: "23 gün sonra bütün dünyanın diqqəti Azərbaycana yönələcək və bu ölkəmizi dünyada daha da tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu vaxtdan yararlanmaq lazımdır”.
Qeyd edək ki, Bakı Su İdmanı Sarayı 2000 tamaşaçı tutumuna malikdir. I Avropa Oyunları üçün inşa edilən və dünya standartlarına cavab verən arenada üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışları keçiriləcək.