KİV nümayəndələri birinci Avropa Oyunları yarışlarının keçiriləcəyi 3 idman obyektində olublar

KİV nümayəndələri birinci Avropa Oyunları yarışlarının keçiriləcəyi 3 idman obyektində olublar


Mayın 20-də ölkənin Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi üç idman obyektində - VMX Veloparkı, Su İdmanı Sarayı, "Baku Crystal Hall” Sarayında olublar.
Jurnalistlərə məlumat verilib ki, sahəsi 25 min kvadratmetr olan velopark 990 tamaşaçı tutumuna malikdir. Velosipedçi kişilərin və qadınların yarışlarında 20 ölkədən 49 idmançının iştirakı gözlənilir. Yarışlar iyunun 26-dan 28-dək saat 14:00-dan 17:00-dək keçiriləcək. Avropa Oyunları başa çatdıqdan sonra veloparkdan idmançılarımız üçün məşq və yeni yarışların keçiriləcəyi yer kimi istifadə edilməsi planlaşdırılır.
Sahəsi 72 min kv m olan Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi 2,5 metr olan əsas hovuz müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar, ikinci hovuz suya tullanma yarışları üçün nəzərdə tutulub. Burada 1, 3, 5, 7,5 və 10 metr hündürlükdən tullanmaq üçün beşpilləli platforma tikilib. Hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Sarayda, həmçinin məşqlər üçün üzgüçülük hovuzu var.
"Baku Crystal Hall” Sarayında isə beş idman növü – voleybol, boks, taekvondo, karate, qılıncoynatma yarışları keçiriləcək. Onun arenası üç hissəyə - bir-birindən akustik divarlarla ayrılmış zallara bölünüb. Birinci zalda iyunun 13-dən 28-dək voleybolçular, ikinci zalda iyunun 16-dan 27-dək boksçular yarışacaqlar. Üçüncü zal qılıncoynatma, karate və taekvondo üzrə müvafiq olaraq iyunun 23-dən 27-dək, 13-dən 14-dək və 16-dan 19-dək keçiriləcək yarışlar üçün nəzərdə tutulub. Karate yarışlarında 42, taekvondo yarışlarında 41, qılıncoynatma yarışlarında 38 ölkənin idmançılarının iştirakı gözlənilir.