Bakı-2015 Mingəçevirdə bilet satışı məntəqəsi açıb

Bakı-2015 Mingəçevirdə bilet satışı məntəqəsi açıb



Bakı-2015 mayın 22-də, ilk Avropa Oyunlarının məşəlinin şəhərə çatmasıyla eyni gündə Mingəçevirdə bilet satışı məntəqəsini açıb. Qeyd edək ki, Mingəçevir iyunun 12-28-də keçiriləcək Oyunlar zamanı avarçəkmə idman növü üzrə yarışlara ev sahibliyi edəcək.
Olimpnews.az xəbər verir ki, Mingəçevir sakinləri Bakı-2015-in 14-16 iyun tarixlərində keçiriləcək avarçəkmə yarışlarını izləmək üşün biletləri Mingəçevir Dram Teatrının kassasından əldə edə bilərlər. Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Yeni açılmış kassa Mingəçevir sakinlərinə gələn ay keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək. Şəhərdə xüsusi bilet satışı məntəqəsinin açılması Birinci Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər yaxın və əlçatan etmək vədimizdən irəli gəlir. Yəni onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.
Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1 AZN-dən 3 AZN-ə qədər, final oyunları üçün isə 1 - 5 manat arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar. Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi, 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.
Xatırladaq ki, Birinci Avropa Oyunlarının Bakıda keçiriləcək bütün idman yarışlarına biletləriwww.baku2015.com/tickets veb səhifəsindən onlayn qaydada almaq mümkündür.

Olimpnews.az