Ölkəmiz Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Yarışların keçiriləcəyi idman arenalarının hamısında işlər başa çatdırılıb. Nəqliyyat, rabitə və kommunikasiya məsələləri artıq öz həllini tapıb. Atletlər Kəndi və Media Kəndi öz sakinlərinin yolunu gözləyir. Aprelin 29-da müqəddəs Atəşgahda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən alovlandırılan Avropa Oyunlarının məşəli ölkəmizin rayonlarından keçərək ünvanına doğru irəliləyir. Məşəlin son ünvanı iyunun 12-sində Bakı Olimpiya Stadionu olacaq. Bir sözlə, 22 gündən sonra paytaxt Bakı avropalı idmançıları və qonaqları öz ağuşuna alacaq və Azərbaycanın tarixində yeni idman səhifəsi yazılacaq.
"Olimpiya dünyası” qəzeti Avropa Oyunlarının ölkəmizdə təşkili ilə bağlı müxtəlif peşə sahiblərinin fikirlərini dərc edir. Rubrikamızın növbəti qonağı "Atlas” Tibb Mərkəzinin terapevt həkimi Nahid Məhərrəmovdur.
- Dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycanda Avropa Oyunlarının təşkili mühüm hadisədir. Avropa qitəsinin 6 mindən çox idmançısı tarixdə ilk dəfə keçiriləcək qitə yarışlarında qüvvəsini sınayacaq. Bu yarışların təşkili idmançılarla bərabər ölkəmizə xarici qonaqların gəlişinə rəvac verəcək. Oyunlarla bağlı indidən Bakıya turist axını başlayıb. Bu amil Azərbaycanda turizmin inkişafı baxımından çox mühümdür.
Ölkəmizdə Avropa Oyunlarına hazırlıq işləri sanki bir göz qırpımında başa çatdırıldı. Qısa müddət ərzində bu qədər tikinti-abadlıq və quruculuq işlərinin görülməsi insanı valeh edir. Paytaxt Bakı çox dəyişib və tanınmaz dərəcədə gözəlləşib. Müasir üslubda inşa edilmiş hündürmərtəbəli binalar, idman sarayları şəhərə xüsusi gözəllik verir. Digər tərəfdən Avropa Oyunlarının təşkili bizim üçün fəxrdir. Bu hadisə hər birimizə qitədə qürrələnmək üçün əsas verir. Mən bir vətəndaş, bir tibb işçisi kimi dövlətçiliyimizlə fəxr edirəm. İşimlə əlaqədar mütamadi olaraq dünya və Avropa ölkələrində təşkil edilən konfrans və konqreslərdə iştirak edirəm. Mənim üçün sevindirici haldır ki, həmkarlarım öz ölkələri haqda fəxrlə nəsə danışanda, mən də bu ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarında həvəslə bəhs edirəm. Sevinirəm ki, avropalı həmkarlarıma ölkəm, onun uğurlu idman siyasəti haqqında mənim də deyəcəklərim var.
Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də əhalinin sağlam həyat tərzinin təmin olunmasıdır. Çünki sağlamlıq amili mühüm şərtlərdəndir. Tibbi nöqteyi-nəzərindən idmanın, bədən tərbiyəsinin insan orqanizmi üçün böyük faydaları vardır. Belə ki, idmanla məşğul olan insanların əhval-ruhiyyəsi yüksək olur, gərginlikdən uzaq olurlar. Təngənəfəsliyi, yuxusuzluğu yaxın buraxmayan idman, həm də yüksək qan təzyiqini, qanda xolestrinin miqdarını nizamlayır və artıq çəkidən xilas olmağa kömək edir. Bundan başqa, bədən tərbiyəsi zamanı ürəyin və ağ ciyərlərin funksiyası güclənir ki, bu da qan dövranına çox müsbət təsir göstərir. Özüm üzgüçülük idman növü ilə məşğul oluram. Üzgüçülük sağlamlıq nöqteyi nəzərindən insan orqanizmi üçün çox faydalıdır. Yeganə idman növüdür ki, onunla məşğul olan zaman bədənin bütün üzvləri və əzələləri hərəkət edir. Bir həkim kimi insanlara bu idman növü ilə məşğul olmağı töbsiyə edirəm. Bu növdə həm də risk amili azdır. Avropa Oyunlarında üzgüçülük və çimərlik futbolu yarışlarını izləyəcəyəm.
İnanıram ki, güləş, gimnastika, karate, cudo yarışlarında medallarımız çox olacaq. Azərbaycan idmançıları həmişə olduğu kimi bu dəfə də nəyə qadir olduqlarını bir daha sübuta yetirəcəklər. Düşünürəm ki, doğma divarlar arasında rəqiblə mübarizə aparmaq onlar üçün çətin olmayacaq.
Yarışlarda ilk növbədə Azərbaycan yığmasını dəstəkləyəcəyəm. Avropa komandalarından isə İtaliya yığmasına azarkeşlik edəcəm. Sonda qeyd etmək istəyirəm ki, Avropa Oyunları bütün dünyaya ölkəmizdə idman və Olimpiya Hərakatının yüksək sürətlə inkişafını nümayiş etdirməyə imkan verəcək və ən azından Azərbaycanın qitədə daha da tanınmasına şərait yaradacaq. Düşünürəm ki, Avropa Oyunlarının təşkili ölkəmizdə nəinki idmanın, eləcə də digər sahələrin təkmilləşməsində böyük rol oynayacaq, ən əsası Azərbaycan mədəniyyətini, tarixini və folklorunu dünyaya tanıtdıracaq. Bir sözlə, bütün dünya Azərbaycanın nəyə qadir olduğunu Avropa Oyunlarından sonra bir daha biləcək.
Səadət Hakıyeva