Bakı-2015 və Nəqliyyat Nazirliyinin birgə keçirdiyi kampaniya yol hərəkətinin təhlükəsizliyinə xidmət edir

Bakı-2015 və Nəqliyyat Nazirliyinin birgə keçirdiyi kampaniya yol hərəkətinin təhlükəsizliyinə xidmət edir



İyunun 12-də start götürəcək Avropa Oyunlarından əvvəl, Bakı-2015 Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə, Nəqliyyat Nazirliyinin yeni təşəbbüsünü dəstəklədiyini bəyan edir.
BAOƏK-dan olimpnews.az-a verilən xəbərə görə, yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan kampaniya, həm də sürücüləri, piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün təşkil olunur.
Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini aqressiv idarə etməkdən yayınmağa vətəhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə, yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğu xatırladılır.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis qeyd edib: "Biz, Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyirik və sürücülər, piyadalar arasında yollarda təhlükəsiz hərəkətin təmin olunması barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik”.
Nəqliyyat Nazirinin müavini Musa Pənahov isə qeyd edib: "Bakı-2015 ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirilib. Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakı şəhərinə bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcəkdir. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyi və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən Nəqliyyat Kommunikasiya Kampaniyası xüsusi əhəmiyyətə malikdir”.
Kampaniya çərçivəsində, yol hərəkəti təhlükəsizliyi haqqında social çarxlar da hazırlanmışdır və bu çarxlar milli televiziya kanalları tərəfindən nümayiş etdirilir. Bu videolar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir.

olimpnews.az