"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnikdən yola düşən Xorvatiyanın "Pedalinac” velosiped klubunun üzvləri İstanbulda ikigünlük istirahətdən sonra mayın 20-də Bakı istiqamətində hərəkətə başlayıblar. Yürüş iştirakçılarını Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov və mətbuat nümayəndələri yola salıblar. Velosipedçilər Türkiyənin İzmit şəhərindən keçərək Qara dəniz sahilləri ilə hərəkət edəcəklər. Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilən layihə birinci Avropa Oyunlarının təbliği məqsədini daşıyır. Layihəyə əsasən, xorvatiyalı velosipedçilər 4000 kilometr məsafəni 35-40 gün ərzində qət etməyi planlaşdırırlar. Yürüş iştirakçılarının iyunun 4-də Tbilisiyə çatacaqları, ertəsi gün isə Azərbaycan sərhədinə yetişəcəkləri gözlənilir. "Pedalinac” velosiped klubunun üzvləri hərəkət qrafikinə uyğun olaraq, iyunun 10-dək Bakıya çatmağı nəzərdə tutublar.