Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşmış "Host News Traveller”, "Daily Web”, "Pulso Turistico”, "Norte en Linea” xəbər portallarında, habelə "Telam” milli xəbərlər agentliyinin və "Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı məqalələr yayılıb. Məqalələrdə birinci Avropa Oyunları, bu Oyunlar çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir. Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söhbət açılır.
Diqqətə çatdırılır ki, dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayələr yatırılıb. Hazırda ölkədə dünyanın bir çox məşhur brend otelləri, çoxlu sayda turizm kompleksləri, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri, həmçinin Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Hava Limanı da daxil olmaqla 5 beynəlxalq aeroport fəaliyyət göstərir. Yaradılmış bu infrastrukturun Azərbaycanda keçirilməsi nəzərdə tutulan Formula-1 üzrə Avropa Qran-pri yarışları (2016-cı il), Şahmat Olimpiadası (2016-cı il), İslam Həmrəylik Oyunları (2017-ci il), futbol üzrə Avropa Çempionatının dörd oyunu (2020-ci il) və digər əhəmiyyətli tədbirlərə də xidmət edəcəyi bildirilir.
Yazılarda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadən qeyd olunur ki, son illərdə Azərbaycan beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir ki, bu da ölkənin hərtərəfli inkişafının göstəricisidir. "Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq Bakı-2015 ilk Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanı qovuşduran, qədimliklə müasirliyi birləşdirən ölkəmizi daha yaxından tanımaq üçün gözəl bir fürsət olacaq”, - deyə səfir vurğulayır.