Serbiya ilk Avropa Oyunlarında idmanın 20 növü üzrə 133 atletlə təmsil olunacaq. Bu ölkəni Bakı-2015-də təmsil edəcək idmançılar yarışlarda yüksək nəticələr göstərmək üçün bütün güclərini səfərbər edəcəklər.
Avarçəkmə növü üzrə ilk Avropa Oyunlarında mübarizə aparacaq Nikolina Moldovan medallara böyük ümid bəslədiyini və yarışlara ciddi hazırlaşdığını deyib: "İlk Avropa Oyunlarına böyük ümidlərlə gedirik və ən yaxşı nəticələri göstərmək istəyirik. Əsas məqsədimiz Bakıdakı yarışlara fiziki baxımdan tam hazır olmaqdır. Bakı-2015-in Olimpiya Oyunları səviyyəsində təşkil olunacağını artıq bilirəm”.
London Yay Olimpiya Oyunlarında taekvondo üzrə yarışlarda qızıl medal qazanmış, Bakı-2015-də Serbiya yığmasının bayraqdarı seçilmiş Milica Mandiç isə təəssüratlarını bu sözlərlə ifadə edib: "Açılış mərasimində Serbiya bayrağını daşıyacağım üçün qürurlanıram. Avropaya məxsus yeni idman yarışlarının təşkili məni çox məmnun edir. İlk Avropa Oyunlarında yüksək nəticələr göstərəcək idmançılar üçün gələcək turnirlərdə yaxşı imkanlar yaranacaq. Güclü rəqiblərlə mübarizə aparacağıq, yarışlar gərgin keçəcək. Nəzərə alsaq ki, Bakı-2015 Olimpiya Oyunları səviyyəsində təşkil olunacaq, o zaman heç vaxt Olimpiya Oyunlarında iştirak etməyən idmançılar üçün bu hərəkatın ruhunu hiss etmək fürsəti yaranacaq”.