Bakı-2015 qarşıdan gələn Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb.
Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsindən olimpnews.az-a verilən xəbərə görə bu idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələ kimi gündəmdə olub. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə deyib: "Əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir. Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq.
Avropa Oyunlarının faydalarından biri də, arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq”.
Bakı-2015-in dəvəti ilə, arenalara tam baxış keçirmək üçün paralimpiya çempionu Nik Morris ötən həftə Bakıya gəlib. N.Morris obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney-2000 Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işləyiv və 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra yarışların təşkilat komitəsində əlillərin arenalara girişi üçün xüsusi vasitələrin quraşdırılması üzrə ekspert-məsləhətçi kimi fəaliyyət göstərib.
"Əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar, Bakı-2015 Avropa Oyunlarının mərasimlərinə, idman yarışlarına gələ və zövq ala bilərlər. Onlar və müşaiyət edən şəxslər müvafiq nəqliyyat vasitələri ilə arenalara çatdırılmaq üçün, ictimai nəqliyyatla əlaqəsi olan avtodayanacaqlar, nəqliyyat vasitəsindən asan düşmə, eləcə də, ayaqyoluları, xüsusi ayrılmış ərazilər və məhsulların satıldığı mərkəzlər, rahat oturacaqlarla təmin olunurlar” – deyə, Nik Morris açıqladı.
Xüsusi bilet siyasəti
Hamı üçün bərabər imkanlar və güzəştlər prinsipinə əsaslanaraq, Bakı-2015 arenalara giriş üçün xüsusi vasitələrə ehtiyacı olan tamaşaçılar və onları müşayiət edən şəxsləri bütün idman yarışlarına pulsuz biletlərlə təmin edir. Pulsuz biletləri Bakı-2015-in şəhərdəki bilet satış məntəqələrindən əldə etmək mümkündür. Bilet alarkən arenalara giriş üçün xüsusi vasitələrə ehtiyacı olduğunu bildirən tamaşaçılar üçün rahat oturacaq sahəsi ayrılacaq və ya təkərli kreslolar üçün məkanla təmin olunacaqlar.