Ölkəmiz I Avropa Oyunlarına ciddi və məsuliyyətlə hazırlaşır. Yarışlara cəmi 17 gün qalıb. Qitənin möhtəşəm idman tədbiri ilə bağlı bütün hazırliq işləri başa çatıb. Azərbaycanın bölgələrində böyük coşqu ilə qarşılanan məşəl karvanı durmadan "Odlar diyarı”nın paytaxtı doğma Bakıya doğru irəliləyir. Iyunun 12-28-də Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixində yeni idman səhifəsi yazılacaq.
"Olimpiya dünyası” qəzeti Avropa Oyunlarının ölkəmizdə təşkili ilə bağlı müxtəlif peşə sahiblərinin fikirlərini dərc edir. Rubrikamızın qonağı "YapıKrediBank”ın əməkdaşı Elvin Namazovdur.
-Azərbaycanda, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi çox möhtəşəm bir hadisədir. Bu, heç də hər bir ölkəyə nəsib olmur. Bu idman tədbirinin ölkəmizdə təşkili üçün müəyyən şərtlər, həvəs və istək olmalıdır. Üstəlik beynəlxalq idman qurumları və onların nümayəndələrinin də razılığı lazımdır. Son illərdə böyük inkişaf yolu keçən Azərbaycanda bütün sahələrdə - iqtisadi, sosial, idman və mədəniyyət mühüm dəyişiliklər əldə edilib. Ən əsası Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün yüksək səviyyədə infrastruktur və idman bazası yaradılıb. Bakıda və rayonlarda inşa edilən müasir tipli Olimpiya idman kompleksləri, idman zalları, arenalar əhalinin sağlam həyat tərzinin formalaşmasına xidmət edir. Ölkə başçısının idmana və idmançılara göstərdiyi dövlət qayğısının nəticəsidir ki, təmsilçilərimiz dünya, Avropa birinciliklərində, Olimpiya oyunlarında inamla çıxış edir, yüksək nəticələr əldə edirlər. Bu yarışlarda Azərbaycanın üçrəngli dövlət bayrağının qaldırılması, himninin səslənməsi ölkəmizin dünyada nüfuzunun daha da artmasına imkan verir.
Ölkəmizə Avropa Oyunları ilə maraqlanan çoxlu sayda turist gələcək. İstəyirəm ki, xaricilər bizim tariximizlə, mədəniyyətimizlə, mətbəximizlə yaxından tanış olsunlar, Azərbaycan xalqının necə qonaqpərvər, səmimi olduğunu görsünlər. Bu yarışlar həm də, 20 faiz torpaqları işğal altında olan ölkəmizin haqq səsinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, ölkəmizin iqtisadi, siyasi və idman gücü bu yarışlardan sonra daha da artacaq və Azərbaycan beynəlxalq aləmdə öz layiqli sözünü deyə biləcək. Bir sözlə, Avropa Oyunları Azərbaycanın sabahıdır.
Arzu edirəm ki, Avropa Oyunları gözəl şəraitdə və əmin-amanlıqla keçsin. İdmançılarımız medalların çoxunu ölkəmizdə saxlasınlar. Yarışlarda güləşçilərimizin, karateçilərimizin çıxışlarını maraqla izləyəcəyəm. İnanıram ki, güləşdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Həsən Əliyev, karatedə Rəfael Ağayev, Şahin Atamov yaxşı oyun nümayiş etdirəcəklər. Gimnastika və üzgüçülük yarışlarını da izləməyi düşünürəm.
Səadət Hakıyeva