Bakıda birinci Avropa Oyunlarında Belarus nümayəndə heyəti "Audimas” şirkətinin forması ilə təchiz ediləcək. Bu şirkət Soçi Olimpiadasında, Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalında özünü yaxşı göstərib.
Forma Belarus üçün ənənəvi olan rəng qammasında Belarus müəssisələrində hazırlanıb. Ayaqqabı isə "Nike” şirkətinin istehsalıdır.
Olimpiya kolleksiyası yaradılan zaman geyimin dizaynında üstünlük Belarus milli simvollarına verilib. Kolleksiyada Belarusun dövlət bayrağının elementləri əsas götürülüb: qırmızı və yaşıl rənglərin vəhdəti, habelə ağ fonda qırmızı rəngli ornament. Geyim dəstləri Oyunların açılış, bağlanış, mükafatlandırma mərasimlərində, məşq və asudə vaxt tədbirlərində iştirak etmək üçün nəzərdə tutulub. Dəstə 17 adda geyim daxildir.
Birinci Avropa Oyunlarında Belarusun kamandan oxatma üzrə komandası ən güclü komandalardan biri sayılır. Bu komanda son illər dünya və Avropa çempionatlarında xeyli medal qazanıb. Komandanın heyətinə Anton Prilepov, Pavel Dalidoviç, Aleksandr Lyaquşev, Anna Marusova, Yelena Tolkaç, Yekaterina Timofeyeva, məşqçilər heyətinə Sergey Pupkeviç və Valentina Kovalyova daxildirlər.
Məşqçi Valentina Kovalyova deyib: "Ümidvaram ki, bu forma komandaya uğur gətirəcək. Bakıda Avropa Oyunları unikal olacaq, axı ilk dəfə keçirilir. Bizim kamandan oxatanlarımız son illər özlərini qitə və dünya səviyyələrində yaxşı təqdim ediblər. Qarşıdan gələn turnir xüsusi startdır və sürprizlərlə doludur. Bakıda güclü küləklər əsdiyi üçün şərait bir o qədər də əlverişli olmayacaq, bu da yarışları daha maraqlı edəcək”.