Sıralarında əlli doqquz nəfər Olimpiya qızıl medalının sahibi olan yüz əlli Olimpiya medalçısı Bakı-2015 birinci Avropa Oyunlarında iştirak edəcək.
Olimpiya medalçılarının öz idman növlərində tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu olmaq istəyi bu yarışlarda mübarizənin güclü olacağını bir daha təsdiq edir.
İyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək 6000 idmançıdan təqribən 200-nün dünya çempionu olması da yarışlarda qızıl medal uğrunda mübarizənin kifayət qədər ciddi olacağından xəbər verir.
Bakı-2015-də 20 idman növündən 12-si idmançılar üçün əlavə stimul olacaqdır. Bu növlər üzrə yarışlarda idmançılar üçün Rio-2016 Olimpiya Oyunlarına təsnifat imkanları təmin olunacaq, üç idman növü - stolüstü tennis, triatlon və atıcılıq üzrə qızıl medalçılar isə növbəti yay Olimpiya oyunlarına birbaşa vəsiqə qazanacaqlar.
Birinci Avropa Oyunlarının proqramında, həmçinin karate, çimərlik futbolu, sambo və 3x3 basketbolu kimi perspektivli idman növlərinə də yer verilir. Çimərlik futbolunda dünyanın ən yaxşı beş komandasından dördü, o cümlədən dünya çempionu olan Rusiya komandası Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq. 3x3 basketbolda isə gümüş mükafatçı Serbiya qızıl medal qazanmağa namizəd favoritlər arasındadır.
Birinci Avropa Oyunlarında qeyri-Olimpiya idman növlərinə yer ayrılması dünya idmanı üçün yeni bir hadisədir və bu Olimpiya oyunları, Asiya oyunları, yaxud Panamerika oyunları kimi digər multi-idman qitə oyunlarından fərqlənir.
Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı-2015-də belə yüksək dərəcəli idmançıların iştirakı bizim Avropa idman təqvimində bu yeni yarışın əhəmiyyətini əks etdirir. İdmançılar, MOK-lar, Avropa və beynəlxalq idman federasiyaları Bakı-2015-ə uğur qazanmaq və Avropa məkanında görünmək, Rio-2016-ya adlamaq üçün böyük imkan kimi yanaşırlar”.
Bakı-2015 idmançılara öz idman növləri üzrə yarışlarda mübarizə apararaq, ilk Avropa Oyunlarının çempionu olmaq və bununla da adlarını tarixə yazmaq imkanı yaradır.
London-2012 Olimpiadasının taekvondo üzrə qızıl medalçısı və Bakı-2015-də atletlərin səfiri xanım Ceid Jounz bu fikirlərə əlavə olaraq bildirib: "Bakı-2015 bu il mənim yarış təqvimimdə, doğurdan da, çox mühüm yer tutur. Bakı yarışları ilə mən Rio-2016-ya hazırlaşacağam, Rioda isə böyük səylə öz Olimpiya titulumu qoruyacağam. Ona görə də Bakıda Avropanın ən güclüləri ilə görüşmək böyük bir sınaqdır. Böyük Britaniya komandası Bakıya böyük heyətlə gedir. Orada vaxtımız xoş keçəcək. Amma hər şeydən öncə mən Bakıya qələbə qazanmaq üçün gedirəm”.
Küçə atletikası da Bakı-2015-də bir yenilik olacaq. Bu yarışlarda bir sıra peşəkar idmançılar, o cümlədən 2013-cü ildə Moskvada keçirilmiş dünya çempionatının qızıl medalçıları - almaniyalı şüvüllə tullanan Rafael Holzdeppe, ukraynalı hündürlüyə tullanan Boqdan Bondarenko da iştirak edəcəklər.