Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayevin Efiopiyanın nüfuzlu "The Ethiopian Herald” qəzetində Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı növbəti müsahibəsi dərc olunub. Səfir E.Abdullayev müsahibəsində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları haqqında geniş məlumat verərək, Oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak edəcəyini bildirib. Azərbaycanın bu mötəbər tədbirə tam hazır olduğunu qeyd edən diplomat ölkəmizdə ən müasir idman komplekslərinin fəaliyyət göstərdiyini vurğulayıb.
Səfir aprelin 26-da Azərbaycanın, Avropanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdiyini qeyd edərək, Bakıda ilk Avropa Oyunlarının məşəlinin alovlandırıldığını diqqətə çatdırıb. O, Avropa Oyunlarında 15 min nəfərdən artıq könüllünün fəaliyyət göstərəcəyini bildirib.
E.Abdullayev müsahibədə qeyd edib ki, Avropa Oyunları ilk dəfə keçirildiyinə və Azərbaycan bu Oyunlara ev sahibliyi etdiyinə görə ölkəmiz tarixə imza atacaq.
Səfir, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi, sosial layihələr barədə məlumat verib, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari il mayın 18-19-da Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb.