"İdmançılarımızın ilk yarış günündə 7 medal- 3 qızıl, 1 gümüş və 3 bürünc qazanmaları çox sevindiricidir. Mən bu münasibətlə bütün Azərbaycan xalqını təbriik edirəm”.
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün MOK-un inzibati binasında keçirilən "Zəfər günləri” tədbirinin açılış mərasimində deyib.
İyunun 14-də Azərbaycan Milli Olimpiya Komitəsində Bakı-2015 ilk Avropa Oyunlarının qalibləri və mükafatçılarının şərəfinə "Zəfər günləri” adlı xüsusi tədbirin açılış mərasimi olub.
Avropa Oyunlarının keçirildiyi günlərdə-iyun ayının 14-dən 29-dək ilk dəfə MOK tərəfindən həyata keçirilən bu tədbirdə medal qazanan idmançılarımız, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri bir araya gəliblər. KİV nümayəndələri üçün xüsusi əhəmiyyət daşıyan "Zəfər günləri”nin açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, Mətbuat Şurasının sədri Əflatun Amaşaov və idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Açılış mərasimini giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Oyunlarının ilk günündə Azərbaycan komandasının 7 medal qazanması münasibətilə tədbir iştirakçılarını təbrik etdi. "İdmançılarımızın ilk yarış günündə 7 medal- 3 qızıl, 1 gümüş və 3 bürünc qazanmaları çox sevindiricidir. Mən bu münasibətlə hamınızı təbrik edirəm. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi "Zəfər günləri” adı altında tədbirə start verir. KİV nümayəndələri bu məkanda Avropa Oyunlarında uğur qazanan atletlərimiz, onların ailə üzvlərindən eksklüziv müsahibələr almaq imkanından yararlana biləcəklər. Biz bununla idmançılarımızı daha böyük qələbələrə ruhlandıracağıq”.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının təşkilində ölkəmizin uğurundan danışaraq qeyd etdi: "Azərbaycan Avropa Oyunlarının təşkilatçısı kimi bütün dünyaya sübut etdi ki, ölkəmiz hətta Olimpiya oyunları kimi möhtəşəm idman tədbirinə də ev sahibliyi edə bilər. Oyunların açılış mərasiminin gözəlliyi, əsrarəngizliyi bunu deməyə əsas verir”.
Çıxışlardan sonra səhnəyə Avropa Oyunlarının qalib və mükafatçıları dəvət olundular. Onlara MOK-un xüsusi hədiyyələri təqdim olundu.
Təbdirdə iştirak edən KİV nümayəndələri qalib və mükafatçılarla görüşməklə bərabər, I Avropa Oyunlarının yarışlarını böyükekranlı televizorlarda izlədilər və media otağında yarışların gedişatı ilə bağlı internet vasitəsilə ən son məlumatları izlədilər.
MOK tərəfindən ilk dəfə həyata keçirilən "Zəfər günləri” adlı xüsusi tədbir iyun ayının 29-dək davam edəcək.
Olimpnews.az