Bağlanış mərasiminə bir gündə 8 min bilet satılıb

Bağlanış mərasiminə bir gündə 8 min bilet satılıb


"İyunun 13-də Avropa Oyunlarının yarışları 17 idman obyektində keçirildi. İlk medallar artıq sahiblərinə təqdim olundu. Ev sahibi olaraq Azərbaycanın yüksək nəticələr qazanması bizi çox məmnun etdi. Bu, Oyunların uğurlu keçməsinə zəmin yaradır".
Olimpnews.az xəbər verir ki, bu sözləri iyunun 14-də keçirilən mətbuat konfransında Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. O qeyd edib ki, iyunun 13-də keçirilən 19 müxtəlif yarışı 17 mindən çox tamaşaçı izləyib. Xüsusən də dağ velosipedi, badminton və stolüstü tennis yarışları böyük sayda tamaşaçı cəlb edib. Voleybol oyunlarına da xeyli tamaşaçı izləyib.
Saymon Kleq Bakı 2015 l Avropa Oyunlarının bağlanış mərasiminə bu günə qədər 8 min bilet satıldığını bildirib. "Biletlərin satışı çox yaxşıdır. Açılış mərasiminin möhtəşəm keçməsi bağlanış mərasiminin biletlərinin daha tez satılmasına təsir göstərib. Artıq bu günə qədər 8 min bilet satılıb. BEGOC rəsmisi l Avropa Oyunları üçün ümumilikdə 2 milyon bilet çap olunduğunu da deyib.
Mətbuat konfransında çıxış edən Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos isə dünən keçirilən karate yarışlarından danışaraq dedi: "Bu yarışlar bir daha göstərdi ki, karate artıq Olimpiya proqramına daxil edilməyə hazırdır. Bakıya Avropanın ən güclü karateçiləri gəlib. Bu da yarışların yüksək səviyyəsindən xəbər verir”.
Avropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində çempion olan Azərbaycan idmançısı Rəfael Ağayevin nailiyyətlərinə də toxunan A.Espinos dünya karate ictimayyətinin Azərbaycan idmançısını bir əfsanə kimi qəbul etdiyini deyib: "Rəfael Ağayevin nəticələrinə baxsaq, bu uğurlardan yalnız qürur duymaq olar”.