Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb



İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb.
Görüşdə birinci Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparıldı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının ilk günlərində maraqlı yarışların olduğunu dedi. O, Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğuladı.
Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın birinci Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını dedi. Dövlətimizin başçısı birinci Avropa Oyunlarının ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının əhəmiyyətini qeyd etdi. Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olundu. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulandı.