
Dünən Azərbaycan Kikboksinq Federasiyasında iclas keçirildi. İclası giriş sözü ilə açan federasiya prezidenti, millət vəkili Adil Əliyev bildirdi ki, iclasın keçirilməsində məqsəd mötəbər bir tədbirin – ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yarışa hazırlığın təmin olunması, kikboksçularımızın bu mötəbər yarışda iştirakı ilə əlaqədardır. "Ümummilli liderimiz, respublikamızın qurucusu Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yarış Avstriyanın Vyana şəhərində keçiriləcək. Bu mötəbər yarışda idmançılarımızdan böyük əzm və mütləq qələbə gözləyirik. Ulu öndərin xatirəsinə həsr olunan bu önəmli, məsuliyyətli yarış idmançılarımızın qələbəsi ilə yadda qalmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməli, üstümüzə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik”, - deyə federasiya prezidenti Adil Əliyev bildirdi. O, belə bir yarışın ilk dəfə keçirildiyini və ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər yarışın böyük əhəmiyyət daşıdığını vurğuladı. Federasiya prezidenti kikboksçularımız arasında titullu, güclü idmançılarımız çox olduğunu, onların Avropa idmançılarından heç də geri qalmadıqlarını bildirdi.
İclasda çıxış edən kikboksinq üzrə yığma komandanın rəisi Sadıq Bağırov, komandanın baş məşqçisi Ehram Məcidov bu mötəbər yarışa böyük həvəslə, əzmlə hazırlaşacaqlarını bildirdilər. Qeyd olundu ki, yarışda 11 idmançı mübarizə aparacaq. İclasda çıxış edən idman və gənclər nazirliyinin nümayəndəsi Tofiq Eyvazov da kikboksçularımızın bu nüfuzlu yarışdan üzüağ çıxacaqlarına əmin olduğunu dedi.
Daha sonra yarışla bağlı diğər məsələlər müzakirə olundu. Federasiya prezidenti Adil Əliyev qeyd etdi ki, hər bir idmançı yarışlara məsuliyyətlə hazırlaşmalı , qələbə uğrunda mübarizə aparmalıdır.
Qeyd edək ki, yarış may ayının 9-10- da keçiriləcək.