Alman boksçu rəqibinin “başını kəsdi”

Alman boksçu rəqibinin “başını kəsdi”

Suriya əsilli alman boksçu Manuel Çarr keçmiş dünya çempionu Devid Heylə döyüşmək niyyətindən əl çəkmək fikrində deyil. Amma, deyəsən, böyük britaniyalı idmançı öz gücünü özündən zəif olan Manuelə sərf etmək istəmir. Düzdür, Devid Hey yenidən rinqə qayıdacağını açıqlayıb. Amma o, Manuel Çarrla döyüşəcəyi barədə heç bir söz deməyib. Rəqibini rinqə çağıran suriyalı boksçu bunun üçün maraqlı və qeyri-adi üsul düşünüb. Belə ki, o, xüsusi plakat hazırlayıb. Həmin plakatda Çarr Devid Heyin kəsilmiş başını əlində saxladığı vəziyyətdə əks olunub. Alman boksçu hesab edir ki, bu üsul Devidi qıcıqlandıracaq və o, rinqə çıxmaq istəyəcək. Qeyd edək ki, Devid Hey iyunun 29-da Mançester şəhərində növbəti döyüşə çıxacaq. Lakin britaniyalının kiminlə döyüşəcəyi məlum deyil. Bununla belə, mütəxəssislər hesab edirlər ki, həmin döyüş məhz Hey-Çarr qarşılaşması olacaq.
Çarr keçmiş dünya çempionu Devid Heylə döyüşdə əldə edəcəyi pulun bir hissəsini doğulduğu Suriyaya göndərmək niyyətindədir. "Mən dünyada əmin-amanlığın bərpası, sülhün qorunması naminə döyüşmək istəyirəm. Mən doğma ölkəm Suriya üçün ümid simvolu olmaq istəyirəm. Əgər Devid Hey döyüşə razılıq versə, qazanacağım pulun əsas hissəsini xeyriyyə məqsədilə Suriyaya göndərəcəyəm”, - deyə Manuel Çarr bildirib.