İyunun 12-28-də ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının proqramında nümayiş etdirilən 20 idman növündən biri də gimnastika idi. 6 gün davam edən yarışlarda gimnastlarımız 4 Olimpiya və 2 qeyri-Olimpiya idman növündə qüvvələrini sınadılar. Azərbaycanın Olimpiya Oyunları səviyyəsində ev sahibliyi etdiyi I Avropa Oyunlarında gimnastika üzrə ölkə yığması ümumilikdə 7 medal qazandı. İdman gimnastikasında təmsilçimiz Oleq Stepko 5 medal qazanmaqla böyük uğura imza atdı. Komandamız batut növündə bürünc medal qazandı. Bədii gimnastımız Marina Durunda isə 2-ci yeri tutdu.
Bədii gimnastika üzrə ölkə yığmasının baş məşqçisi Mariana Vasileva "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində ilk Avropa Oyunları, yarışların nəticələri və eləcə də gələcək planlar barədə danışdı.
- Mariana xanım, bədii gimnastlarımızın Bakı-2015 Avropa Oyunlarında çıxışlarını necə dəyərləndirirsiniz?
- Bədii gimnastlarımız I Avropa Oyunlarında pis çıxış etmədilər. Yarışa inamla başlayan idmançılarımızın qrup hərəkətlərində çıxışı məni qane etdi. Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva və Aleksandra Platonova tamaşaçılar qarşısında gözəl oyun nümayiş etdirdilər. Təəssüf ki, bu yarışlarda iştirak edən digər rəqib komandalara bizimkilərdən artıq qiymət verildi. Bu, mənum şəxsi fikrimdir. Məhz hakimlərin bu ədalətsizliyi qızlarda ruh düşkünlüyü yaratdı və bu da təbii ki, öz mənfi təsirini göstərdi. Təəssüflənməyə dəyməz və bizim hələ qarşıda mötəbər turnirlərimiz yetərincədir. Düşünürəm ki, yetirmələrimiz qarşıdan gələn beynəlxalq səviyyəli yarışlarda daha inamla çıxış edəcək və ümidlərimizi doğruldacaqlar. Qeyd edim ki, Qızlarımız buraxılan səhvlərdən nəticə çıxarır və öz üzərilərində çox işləyirlər.
Avropa Oyunlarının proqramına gimnastikanın qadınlar arasında idman gimnastikası, batut və aerobika növlərinin daxil edilməsi adıçəkilən idman növlərinin ölkəmizdə inkişafına təkan verəcək. Düşünürəm ki, əvvəllər bədii gimnastika ilə məşğul olan istedadlı qızlarımızın bəzilərinin aerobikaya keçməsi bu işdə mühüm rol oynayacaq. Ümumiyyətlə, gimnastikanın 6 növünün də Azərbaycanda inkişaf etdirilməsi çox müsbət haldır.
"Marina Durundanın çıxışı qənaətbəxş idi”
- Bəs yığma komandanın kapitanı Marina Durundanın çıxışı sizi qane etdimi?
- Komandamızın ümidlərindən olan Marina Durundanın çıxışı qənaətbəxş idi, amma finalda bəzi səhvlərə yol verdi. Təbii ki, Rusiya Ukrayna, Almaniya kimi favorit komandalarla mübarizədə I Avropa Oyunlarının gümüş medalını qazanmaq asan məsələ deyil. Marinanın Azərbaycan musiqisini sədaları altında çıxış etməsi azarkeşlərdə böyük bir coşqunluq yaratdı.
- Necə düşünürsünüz, digər qızların medal qazana bilməməsinə səbəb nə oldu?
- Bunun üçün elə bir ciddi səbəb görmürəm. Sadəcə, azarkeşlər gimnastlarımızın hamısından medal gözləyirdilər. Doğma divarlar arasında ölkə təmsilçilərinin hamısından gözləntilər çox idi, yəni daha çoxunu istəyirdilər. Burada psixioloji amil də mühüm rol oynayır. Elə idmançı var ki, doğma divarlar arasında çıxış etmək onun üçün stimul verir və asandır. Elələri də var ki, sevimli azarkeşləri qarşısında çıxış etməkdən sıxılırlar. Bizim qızlarımızda da bu problem var idi. Onlar hələ çox gəncdirlər və idmanın, eləcə də həyatın bərkindən-boşundan çıxmayıblar. Ümumiyyətlə, güclü xarakter çox mühüm şərtlərdən biri və əsasıdır. İnanıram ki, gimnastlarımız qarşıdan gələn bədii gimnastika üzrə dünya çempionatında özlərini doğruldacaqlar.
"Qitə Oyunlarının təşkili və keçirilməsi çox yüksək səviyyədə idi”
- Mariana xanım, sizin fikrinizcə, I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə tarixə öz adını yazdı və idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. İlklər isə həmişə yaddaşlarda qalır. Qitə Oyunlarının təşkili və keçirilməsi çox yüksək səviyyədə idi. Bunu yerli və xarici mütəxəssislər, rəsmilər, şəhərimizin çoxsaylı qonaqları da təsdiq edirlər. Üstəlik, ölkəmiz uğurla ev sahibliyi etdiyi Avropa Oyunlarını həm də 2-ci yerdə başa vurdu və bu böyük nailiyyətdir. Biz hamımız yarışlarda uğur qazanacağımıza inanırdıq, amma komandamızın qitənin Almaniya, İtaliya, Hollandiya, İsveç, Böyük Britaniya kimi ölkələri ilə mübarizədə 56 medala sahib olması idmansevərlər üçün əsil sürpriz oldu. Bu qələbə başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla respublikanın bütün idman federasiyalarının birgə və gərgin əməyinin bəhrəsidir. Bu cür mötəbər yarışın uğurlu təşkili və keçirilməsində ölkənin birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın misilsiz xidməti danılmazdır. Azərbaycan dövləti xə xalqı həmişə olduğu kimi bu dəfə də həmrəylik nümayiş etdirdi. Fikrimcə, 9 milyon əhalisi olan ölkə üçün dünya miqyasında bu qədər tanınmaq heç də asan məsələ deyil və şübhəsiz ki, burada idman amili çox mühüm rol oynayır. Azərbaycan xalqı çox istedadlı və qonaqpərvər xalqdır. Avropa Oyunlarında iştirak edən xarici qonaqlar bunun bir daha şahidi oldular. Düşünürəm ki, növbəti Avropa Oyunlarını qəbul edən ölkə üçün çox işləmək lazım gələcək.
- Mariana xanım, qızlarımızın qarşıdan dünya çempionatına hazırlığı ilə nə deyə bilərsiniz?
- Bu ilin sentyabr ayında Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Bu yarış həm də 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Gimnastlarımız bu mötəbər yarışa çox ciddi hazırlaşırlar. Azərbaycan gimnastları Qazaxıstan, Türkiyə, Misir, Yeni Zelandiya, Kanada və Estoniya təmsilçiləri ilə birlikdə məşq prosesini davam etdirirlər. İyulun 30-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yığma komandanın açıq təlim-məşqi keçirildi. Qeyd edim ki, bu dünya çempionatı qabağı ilk yoxlama məşqi idi. İkinci yoxlama məşqlərini sentyabrın əvvəlində təşkil etməyi düşünürük. Azərbaycanı bu yarışlarda üç idmançımız təmsil edəcək.
Fürsətdən istifadə edərək, Avropa Oyunları da daxil olmaqla bütün yarışlarda bizə dəstək olan bütün azarkeşlərə minnətdarlığı bildirirəm. Sağ olsunlar ki, hər zaman bizim yanımızdadırlar. İnanıram ki, bədii gimnastlarımız qarşıdan gələn dünya çempiontında və Rio-2016 yay Olimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlar.
- Bakı 2016-cı ildə gimnastika üzrə Dünya kuboku yarışına ev sahibliyi edəcək...
- Helsinkidə Beynəlxalq Gimnastika Federasiyasının (BGF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Görüş çərçivəsində gimnastika idmanı sahəsində vacib məsələrə toxunulub və eləcə də 2016-cı ildə Dünya kubokunun mərhələ yarışlarının keçiriləcəyi məkanlar da təsdiqlənib. Azərbaycan Gimnastika Federasiyasının Dünya kuboku yarışının Bakıda keçirilməsi ilə bağlı namizədliyi BGF tərəfindən qəbul edilib və komissiya üzvləri bu yarışların təşkilini ölkəmizə həvalə ediblər. Beləliklə, Bakı 2016-cı ilin 19-21 fevralında idman gimnastikası üzrə "Challenge Cup” seriyasından olan Dünya kubokuna ev sahibliyi edəcək. Bunun ardınca, 5-6 mart tarixlərində dünyanın tanınmış batutçuları Bakıda bir araya gələcəklər. Qeyd edək ki, Bakı həm də 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya kuboku yarışlarını qəbul edəcək ilk şəhər olacaq. Bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışları isə Rio- 2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də keçiriləcək. Maraqlıdır ki, 2003-2005-ci illərdə ölkəmizdə təşkil olunan bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışlarından fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə keçiriləcək.
Düşünürəm ki, Milli Gimnastika Arenası bu cür möhtəşəm yarış üçün ideal məkan olacaq və bizim bu sahədə müəyyən təcrübəmiz vardır. Arenamız Avropa çempionatına, I Avropa Oyunlarına artıq yüksək səviyyədə ev sahibliyi edib və bu yarışları da həmin səviyyədə təşkil etməyə müvəffəq olacaq.
- Milli komandaya yeni idmançıların cəlb edilməsi ilə bağlı hansı işlər aparılır?
- Biz milli komandaya yeni istedadlı gimnastların cəlb edilməsi istiqamətində müəyyən işlər aparırıq. Adətən, seçim prosesi ilin sonunda təşkil olunur. Ölkə çempionatının nəticələrinə görə yaxşı nəticələr əldə edən gimnastlar yığmaya cəlb olunacaqlar.
Səadət