“Avropa Oyunlarının bürünc medalı mənim üçün çempionluğa bərabərdir”

“Avropa Oyunlarının bürünc medalı mənim üçün çempionluğa bərabərdir”


Günü-gündən inkişaf edən ölkəmizdə idmana xüsusi qayğı göstərilir. Hazırda respublikamızın bütün bölgələrində müasir idman infrastrukturu mövcuddur. Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizə həvalə olunması sübut edir ki, Azərbaycan bütün dünyada xüsusi nüfuza malikdir. Beynəlxalq yarışlarda ölkəmizin bayrağını dalğalandıran, himnini səsləndirən təmsilçilərimiz tarixdə ilk dəfə ölkəmizdə keçirilən mötəbər idman bayramında da yüksək nəticələr qazandılar. Təşkilatçılıq səviyyəsi ilə nəinki Avropaya, hətta bütün dünyaya səs salan yarışda idmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanaraq ümumilikdə 56 medal əldə etdilər.
Azərbaycanın hesabına medal yazdıranlardan biri də karateçi İlahə Qasımova oldu. Oyunlara ciddi hazırlaşan İlahə ispan rəqibini 5:2 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlməyi bacardı. Karateçimizlə görüşüb, onunla idman karyerası, Avropa Oyunlarında çıxışı ilə bağlı söhbət etmək qərarına gəldik. Oyunların ilk medalçısı olduğu üçün qürur hissi duyduğunu deyən İlahə Qasımova "Olimpiya dünyası” qəzeti ilə fikirlərini bölüşdü.

- Adətən, döyüş növü ilə məşğul olan idmançılar müxtəlif filmlərin qəhrəmanlarına bənzəmək üçün bu növə maraq göstərdiklərini deyirlər. Bəs sənin karateyə gəlişin necə olub?
- (Gülür) Filmlərə baxmağı çox sevirəm. Balaca olanda isə döyüş filmləri xüsusi marağımı çəkirdi. O filmlərə baxa-baxa hiss elədim ki, mən də filmlərdəki qəhrəmanlar kimi döyüşmək istəyirəm. Bəxtimdən, evimizin yaxınlığında bir idman mərkəzi var idi. Elə ilk dəfə orada məşqləri izləməyə getdim. Həmin vaxt təxminən səkkiz yaşım var idi. İndiyədək şəxsi müəllimim olan Cahangir Babayev mənə dedi ki, karateyə marağın, həvəsin varsa gəlib məşğul ola bilərsən. Beləliklə, mən karyeramda ilk addımlarımı atmağa başladım.

- Bəs valideynlərin və ya qohumlarından kimsə sənin bu istəyinə etiraz edirdimi?
- Xeyr. Valideynlərim məni hər işdə dəstəkləyiblər. Karate ilə məşğul olmaq istədiyimi biləndə onlar bunu çox normal qarşıladılar. Qohumlar, tanışlar isə ümumiyyətlə heç nə demirdilər. Düşünürəm ki, verdiyim qərarı valideynlərim dəstəkləyirlərsə, o zaman başqalarının nə dediyinin önəmi yoxdur. Lakin ali məktədə hazırlıq ərəfəsində bəzi müəllimlərim mənə iradlarını bildirirdilər ki, ən vacib məsələ ali məktəbə daxil olmaqdır, karate qız peşəsi deyil və s. Amma bunlara baxmayaraq, mən ürəyimin səsini dinləyirdim və daha həvəslə məşqlərə gedirdim.

- Ailənizdə səndən başqa idmanla məşğul olan varmı?
- Anam və atam idmandan tamamilə uzaqdırlar. Lakin 10 yaşlı qardaşımın idmana, xüsusən də karateyə cox marağı var. Valideynlərim və mən onu bu yolda dəstəkləyirik. Lakin qardaşım təhsil barədə daha çox düşünür və idmanla həvəskar şəkildə məşğul olur.

- Karateyə yeni başladığın dövrlərdə bu növlə məşğul olan Azərbaycan idmançılarından kimi tanıyırdın?
- Həmin vaxtlar kiçik olduğum üçün karateçilərimizi tanımırdım. Lakin indi karate tarixinə adını yazmış komanda yoldaşım Rəfael Ağayevin döyüşlərini yaxından izləyirəm. İnanın ki, mən hətta rəqiblərimdən çox onun yarışlarını izləyirəm. Rəfaelin döyüşlərini izləmək məni daha da həvəsləndirir, qələbə qazanmağıma stimul verir.

- Ali təhsili idman üzrə almısan, yoxsa...
- Qeyd etdiyim kimi, idman mənim peşəmdir, sənətimdir. Buna görə də, ali təhsili idman üzrə almışam. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm.

- İlahə, bugünədək qazandığın nailiyyətlər barədə danışardın...
- 2010-cu ildə Yunanıstanda 16-17 yaşlı gənclər arasında keçirilən dünya kuboku yarışlarının qalibi olmuşam. İki il sonra isə, paytaxtımızda keçirilən Avropa çempionatında iştirak etdim. Mübarizəyə böyük həyəcanla başladım. Çünki, ilk dəfə idi ki, paytaxtımızda təşkil olunan belə mötəbər yarışda çıxış edirdim. Qələbə qazanmaq iddiası ilə yarışa qatılsam da, turniri üçüncü yerdə başa vurdum. Karyeram ərzində ən qiymətli medalı isə ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarında qazandım. Bu yarışa bir ildən artıq hazırlaşdım. Məqsədim medal qazanmaq idi. Sevinirəm ki, məqsədimə çatdım.

- Qeyri-Olimpiya idman növü olan karatenin Avropa Oyunlarnın proqramına daxil ediləcəyini gözləyirdinmi?
- Karatenin Oyunların proqramına daxil edildiyi xəbərini biz məşq zalında olarkən öyrəndik. Bütün federasiya bu xəbərə çox sevindi. Biz məşqlərimizi daha da intensivləşdirdik ki, doğma divarlarımız arasında xalqımızı sevindirək. Şübhəsiz ki, Azərbaycan Prezidentinin səyləri nəticəsində bu növ Avropa Oyunlarının proqramına daxil edildi. Yarışlardan əvvəl biz söz vermişdik ki, ölkəmizin hesabına medallar yazdıracağıq. Şadam ki, verdiyimiz sözü yerinə yetirməyi bacardıq.

- Qeyd etdin ki, Avropa Oyunlarına ciddi hazırlaşırdın. Yaxınların səni yetərincə dəsətəkləyirdilərmi?
- Düzdür, Oyunlara hazırlıq ərəfəsində çox yorulurdum. Lakin valideynlərim hər bir işimdə dəstək olduqları kimi bu yarışda da məni çox dəstəklədilər. Hazırlıq dövründə çox yorulurdum. Amma həvəsdən düşmürdüm. Çünki qarşıma məqsəd qoymuşdum ki, ölkəmizdə keçirilən bu mötəbər yarışda medal qazanım.

- Arenaya toplaşan azarkeşlər səni böyük çoşqu ilə dəstəkləyirdilər. İnsanların səsləri, alqış sədaları fikrini yayındırmırdı ki?
- Yarışın ölkəmizdə keçirilməsi idmançılarımızın məsuliyyətini ikiqat artırırdı. Başqa ölkələrdə təşkil olunan yarışlarda idmançı özünü qürbətdə hiss edir. Lakin Avropa Oyunları doğma paytaxtımızda keçirilirdi və azarkeşlər medal qazanmağa bizə stimul verirdilər. Hətta məni tanımayan insanlar belə, tribunalardan adımı səsləyir, məni həvəsləndirirdilər. Döyüşə tam hazır çıxmışdım. Lakin rəqibim, həqiqətən də, güclü idi. Finala çıxa bilməməyimin səbəbi rəqibimə qarşı düzgün taktika seçməməyim oldu. Buna görə də, bürünc medalla kifayətlənməli oldum. Amma yenə də sevinirəm ki, Avropa Oyunlarında ölkəmizin hesabına medal yazdırmağı bacardım.

- Avropa Oyunlarındakı rəqiblərini əvvəlcədən tanıyırdın?
- Hər bir idman növü üzrə yarışlara güclü idmançılar qatılmışdı. Dünya və Avropa çempionları olan rəqiblərim məndən həm yaş, həm də təcrübə baxımından üstün idilər. Düzdür, finalın bir addımlığında məğlub olmağım məni məyus edir. Lakin bürünc medal uğrunda mübarizəyə qoşulanda düşündüm ki, bu medalı əldən verə bilmərəm. Şükürlər olsun ki, qarşılaşmadan qalib ayrıldım. Avropa Oyunlarının bürünc medalı, mənim üçün çempionluğa bərabərdir.

- Bəs yarışlara psixoloji cəhətdən necə hazırlaşırdın?
- Oyunlara psixoloji cəhətdən hazırlaşmağımız üçün xüsusi psixoloqlar ayrılmışdı. Onlar hər gün bizimlə söhbət edir, məsləhətlərini verirdilər. Amma kənardan kim necə məsləhət verirsə versin, mənə elə gəlir ki, əsas məsələ insanın özünə güvənməsi, inanmasıdır. Təəssüflər olsun ki, mənim psixoloji tərəfdən özümü yarışlara hazırlamağım bir qədər çətin alınır. Hətta bunu mənə müəllimlərim də irad tuturlar. Əgər əvvəlki yarışlarda məğlub olmuşamsa, növbəti turnirdə qələbə qazanacağıma inamım azalır.

- Bu problemləri aradan qaldırmaq üçün özünlə necə mübarizə aparırsan?
- Özümü həvəsləndirmək üçün özüm-özümlə söhbət edirəm. Özümə deyirəm ki, bu qədər əziyyət çəkib məşq edirsən, nəyə görə məğlub olmalısan? Fikirləşirəm ki, qalib olanlardan heç də zəif deyiləm. Özümlə çox mübarizə aparıram. Hətta elə anlar olur ki, yarışqabağı beynimdə qarşılaşmanın planını qururam. Qalib gəlməyi özümdən çox ailəm, məşqçim və mənə inanan insanlar üçün istəyirəm. Çalışıram ki, onların mənə göstərdikləri etimadı doğruldum.

- Avropa Oyunlarında ailə üzvlərin arenaya gəlib sənə dəstək olurdularmı?
- Məni dəstəkləmək üçün yalnız ailəm deyil, qohumlarım da Bakı Kristal Zalına gəlmişdilər. Ailə üzvlərimin, nənəmin, bibimin tribunalardan dəstəkləməkləri mənə xüsusi stimul, özüməinam verdi. Düşünürdüm ki, bütün xalqımız məni izləyir və mən mütləq qələbə qazanmalıyam. Doğma divarlar arasında keçirilən yarışı medalsız başa vura bilməzdim.

- Atletlər Kəndində qaldığınız müddətdə xarici idmançılarla ünsiyyətdə olurdunuz? Onlar Bakı və Oyunların təşkilatçılığı barədə nə düşünürdülər?
- Xaricdən gələn atletlər paytaxtımızı çox bəyəndiklərini bildirirdilər. Biz əsasən türk karateçilər ilə əlaqə saxlayırdıq. Onlar vurğulayırdılar ki, açılış mərasimi, idmançıların qarşılanması, Atletlər Kəndində yerləşdirilməsi, yarışların təşkili çox yüksək səviyyədədir. Atletlər Kəndi avropalı atletlərin daha çox xoşuna gəlirdi. Orada rahatçılıq üçün hər bir şərait yaradılmışdı. Tam əminliklə demək olar ki, paytaxtımıza gələn hər bir idmançı onlar üçün yaradılan şəraitdən razı qaldı.

- Oyunlardan sonra "Tərəqqi” medalı ilə təltif olundun...
- İdmançılarımız Avropa Oyunlarında ölkəmizi yüksək səviyyədə təmsil etdilər. 56 medalın qazanılması, ümumi komanda hesabında ikinci yeri tutmağımız çox böyük uğur idi. Avropa Oyunları başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev idmançıları qəbul etdi. Həmin qəbulda idmançıların bir çoxu, o cümlədən mən "Tərəqqi” medalı ilə təltif olundum. Düşünürəm ki, bu görüş mənim yaddaşımda uzun müddət qalacaq.

- Komanda yoldaşların biri-birinə necə münasibət göstərir?
- Komanda yoldaşlarımızla çox mehribanıq, sanki bir ailəyik. Buna görə də, hər zaman - istər qələbə qazananda, istərsə də məğlub olanda biri-birimizi dəstəkləyirik. Yarışlarda və ya məşqlərdə komanda yoldaşımızın səhvlərini görəndə bunu düzəltməyi məsləhət görürük. Düzdür, bizə daha çox peşəkar karateçi Rəfael Ağayev öz məsləhətlərini verir.

- Gələcəkdə hansı yarışlarda iştirak edəcəksən?
- Avropa Oyunlarından sonra bizə bir müddət istirahət verilib. Etiraf edim ki, karyeram ərzində ilk dəfədir ki, yarışdan sonra belə uzun bir müddət istirahət edirik. Qarşıda bizi dünya və Avropa çempionatı gözləyir. Çalışacağam ki, bu turnirlərdə yaxşı nəticə göstərim. Lakin, təbii ki, ən əsas yarışımız 2017-ci ildə paytaxtımızda keçiriləcək İslam Həmrəyliyi Oyunlarıdır. Yarışın ölkəmizdə təşkil olunması məsuliyyətimizi ikiqat artırır. Əlimdən gələni edəcəyəm ki, Avropa Oyunlarında qazandığım bürünc medalı İslam Oyunlarında qızıl medala çevirim.

- İlahə, ümumiyyətlə Avropa Oyunlarının ölkəmizdə keçirilməsini, bir idmançı kimi necə dəyərləndirirsən?
- Yarışlar, həqiqətən də, yüksək səviyyədə təşkil olunmuşdu. Təəssüf ki, açılış mərasimini canlı izləyə bilmədim. Belə ki, ayın 13-də, yəni açılışın səhəri günü Azərbaycan idmançıları arasında ilk döyüşə məhz mən çıxacaqdım. Buna görə də, dincəlib, güc toplamaq istədim. Lakin Oyunların bağlanışını böyük məmnuniyyətlə izlədim. Bağlanışın möhtəşəmliyindən, hər bir azərbaycanlı kimi, mən də böyük qürur hissi duydum.

- Necə düşünürsən, Oyunların ölkəmizdə keçirilməsi Azərbaycan karatesinə və ümumiyyətlə, ölkə idmanına necə töhfə verəcək?
- Düşünürəm ki, bu, idmanın inkişafına böyük təkan verəcək. Şəxsən mənə çox insanlar karate ilə məşğul olmaq istəklərini bildirirlər. Hətta tanışlarımdan üç nəfər artıq məşqlərə başlayıb. Avropa Oyunlarının müsbət cəhətlərindən biri də o oldu ki, gənc və yeniyetmələrin idmana marağı daha da artdı. Oyunlardan sonra idman zallarına axın çoxalıb. Bu isə, Azərbaycanın sağlam gələcəyinin təminatıdır.
Türkay Niftəliyeva