Bəhreyn Bakıda ilk dəfə təşkil olunacaq Formula-1 yarışlarına öz töhfəsini verəcək

Bəhreyn Bakıda ilk dəfə təşkil olunacaq Formula-1 yarışlarına öz töhfəsini verəcək


Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu gələn ilin yayında Formula-1 Avropa Qran-prisinə ev sahibliyi edəcək paytaxt Bakıya səfər edib.
Yarışın Azərbaycandakı rəsmi promouter təşkilatı olan "Bakı Şəhər Halqası” şirkəti ilə Bəhreyn Motoidman Federasiyası arasında Azərbaycanda ilk Formula-1 yarışının təşkili ilə bağlı əməkdaşlıq barədə müqavilə imzalanıb.
Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı trek ətrafında baş verəcək hadisələrə nəzarət edəcək. Müqavilə pilotların təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, evakuasiya və s. yarış əməliyyatlarının səlist yerinə yetirilməsi və əməliyyatları həyata keçirən xüsusi qrupun cəlb olunması və digər müvafiq təlimlərin aparılmasını özündə əks etdirir.
Yuxarıda sadalanan əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri "Bakı Şəhər Halqası” şirkəti və AAF nümayəndələri ilə birlikdə Bakıdakı şəhər şossesini gəzərək onun hər bir hissəsini yaxından öyrəniblər və marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və tapşırıqları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.
Məlumat üçün qeyd edək ki, 2004-cü ildən etibarən Orta Şərqdə bütün Formula-1 yarışlarının təşkilində iştirak edən Bəhreyn Beynəlxalq Halqasının təcrübəli marşallar komandası da 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran- pri yarışlarına cəlb olunacaqlar.

"Bakı Avropa Qran-prisi bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdən seçiləcək. Belə ki, Bakıda keçiriləcək Avropa Qran-prisi Formula-1-in ən sürətli şəhər treki olaraq, 500 milyondan yuxarı televizya tamaşaçısının izlədiyi möhtəşəm bir hadisə olacaq. Bəhreynli ekspertlərlə apardığımız birgə iş növbəti aylar ərzində "Bakı Şəhər Halqası” trası üzrə hazırlıq işlərində öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarış təşkili və keçirilməsində müəyyən təcrübəyə malikdir və bizim komandamız dünya standartlarına cavab verəcək qaydalarla işləyəcək” - deyə "Bakı Şəhər Halqasının” baş icraçı direktoru Arif Rəhimov qeyd edib.
Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı trası uzunluğuna görə dünyada ikincidir. Unikal "Bakı Şəhər Halqası” elə təşkil olunub ki, yarış zamanı Formula-1-in iştirakçıları paytaxtın UNESCO dünya mədəni irs siyahısına daxil edilən İçərişəhər, Bakının müasir göydələnləri və Xəzərin sahilboyu ərazisini özündə birləşdirən ecazkar simasını görəcəklər.