«Neftçi» İSM-in mətbuat xidmətinin rəhbəri T.Ataxanoğlunun saytımıza verdiyi məlumata görə,
Atletika
Ağırlıqqaldırma üzrə Albaniyanın pyataxtı Tiranada kişilər və qadınlar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatına yekun vurulub.
«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yığma komandamızın heyətində yer almış ağır atletlərindən ikisi qitə yarışının medalçıları sırasına düşüb. 94 kq çəki dərəcəsində çıxış edən İntiqam Zairov birdənqaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və bütün rəqiblərini qabaqlayıb. Əvvəlcə 173 kq, ardınca 177 kq, son yanaşmasında isə 180 kq-ı başı üzərinə qaldıran idmançımız vahid liderliyi ələ alıb. O, təkanlaqaldırmada da bu uğuru davam etdirib. İlk yanaşmada 210 kq-ı ram edən və əsas rəqibini 9 kq qabaqlayan İntiqam ikinci yanaşmada 215 kq, daha sonra isə 216 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medal qazanıb. Beləliklə, İntiqam Zairov yekunda 396 kq (180 kq+216 kq) nəticə göstərərək Avropa çempionu olub.
Mərkəzin digər təmsilçisi Sərdar Həsənov (69 kq) isə birdənqaldırma yarışına uğursuz start versə də, sonra müəyyən irəliləyişə nail olub. İdmançımız birinci sifariş verdiyi çəkini - 145 kq-ı yalnız ikinci yanaşmada ram edə bilib. O, sonda 150 kq ağırlığı başı üzərinə qaldırıb və bu hərəkətdə «kiçik» gümüş medalı təmin edib. Təkanlaqaldırma da Sərdar üçün oxşar formada keçib. Birinci sifariş verdiyi 173 kq ağırlığı yalnız ikinci cəhddə qaldıran atletimiz, sonuncu yanaşmasında 176 kq-ı ram edib. Nəticədə bu hərəkətdə 3-cü yeri tutan Sərdar daha bir «kiçik», bu dəfə bürünc medal qazanıb. Toplamda 326 kq (150 kq+176 kq) nəticə göstərən Sərdar Həsənov Avropa çempionatının gümüş medalına sahib olub.
Qeyd edək ki, millimiz Avropa çempionatını 2 qızıl, 2 gümüş və bir bürünc medalla başa vurub.
Sambo
Kiprin Limmasol şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyinə yekun vurulub. «Neftçi» İSM-in milli komandamızın təpkibində yer almış samboçularından Musa Mehdiyev (65 kq) yeniyetmələr arasında rəqib tanımayaraq çempionluğa yüksəlib. Gənclərin yarışında isə 62 kq çəki dərəcəsində mübarizə aparan Fərid Mikayılov fəxri kürsünün 3-cü pilləsində dayanıb.
Karate
Macarıstanın Eger şəhərində Skdun JKA karate üzrə Avropa çempionatı keçirilib. Yarışda 33 ölkədən 2000 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Ölkəmiz çempionatda 14 idmançı ilə təmsil olunub ki, onlardan da 6-sı «Neftçi» İSM-in karate ustaları olub. Sevindirici haldır ki, mərkəzin idmançılarından 5-i mükafatçılar sırasında yer almağa müvəffəq olub. Onlardan Sədi Namazov (+75 kq) və Araz Babayev bütün döyüşləri qələbə ilə başa vuraraq Avropa çempionu tituluna yiyələniblər. Əhməd İsgəndərov (10-11 yaş), Babək İsmayılov (12-13 yaş) və Tamilla Xəlilova (12-13 yaş) isə bürünc medal əldə ediblər.
Uşu
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VII açıq Spartakiada sona çatıb. Spartakiadaya 43 ölkədən 700-dən çox idmançı qatılıb.
«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin uşu idman növü üzrə 3 idmançısı yarışın 8 medalını qazanıb. Samir Salmanov gəncliyin məharətli kompleksi və qarşılıqlı qılınc döyüşü texnikası yarışlarında 1-ci, cüt qılınc texnikası yarışında isə 2-ci yerə çıxıb. İlkin Qurbanov qarşılıqlı qılınc döyüşü texnikasında liderliyə yüksəlsə də, ağac texnikasında 2-ci olub. Xanım idmançılarımızdan Lalə Məmmədli ən yaxşı nəticəni göstərib. O, cənub yumruq texnikası, düz qılınc texnikası və cüt qılınc texnikası yarışlarının hər birində qızıl medallara sahib çıxıb.
«Neftçi» İSM-in icraçı direktoru Sadıq Sadıqov idmançılara göstərdiyi qayğıya görə Spartakiadanın Təşkilat Komitəsi tərəfindən fəxri diploma layiq görülüb.
Dama
Nəsimi Şahmat-Dama Məktəbində kişilər və qadınlar arasında 64 xanalı dama üzrə Bakı şəhər çempionatı keçirilib. «Neftçi» İSM-in damaçılarından Sidqi Samanduyev və Leyli Sadıqlı paytaxt çempionluğunun sevincini yaşayıblar. Nofəl Aşumov 2-ci, Renata Hacıyeva isə 3-cü yeri tutub.