"Bakı Şəhər Halqası” şirkəti gələn il Bakıda keçiriləcək "Formula-1” Avropa Qran-prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə əlaqədar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunmuş layihə üzrə şəhər halqasında xüsusi asfalt qatının çəkilişi və digər tikinti-quraşdırma işlərinin aparılması əsasən 2016-cı ilə nəzərdə tutulub. Şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Yüksək keyfiyyət meyarına əsasən hazırlanacaq asfalt yollarının, sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını indidən almaq məqsədilə hazırda aidiyyəti qurumlar tərəfindən önləyici tədbirlər görülür.
Bilavasitə "Formula-1” yarışı üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyu beton baryerlərin və Hökumət Evinin qarşısında xüsusi qurğuların quraşdırılması işləri mərhələli şəkildə aparılacaq. Bəzi ərazilərdə əhalinin gündüz saatlarında hərəkət axınına əngəl yaratmamaq məqsədilə işlər gecə növbəsi üzrə həyata keçiriləcək.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən "Bakı Şəhər Halqası” 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı öncədən ictimaiyyətə çatdıracağını bəyan edir.
Qeyd edək ki, "Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.