Beynəlxalq turnirdə yeddi ölkənin idmançıları mübarizə aparacaqlar

Beynəlxalq turnirdə yeddi ölkənin idmançıları mübarizə aparacaqlar

Dekabrın 27-də AAAF Park yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçiriləcək. Bu, sayca 15-ci belə turnir olacaq və ilk dəfə beynəlxalq status daşıyacaq.
Yarışın məqsədi Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulmasıdır. Eyni zamanda, F.Şahbazovun şərəfli həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğidir. Həmçinin yerlərdə ağır atletika idman növünün təbliğ olunması və inkişaf etdirməsi, ən güclü idmançıların aşkarlanması, şəhər yığma komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Zirvə” Beynəlxalq İdman Klubu tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi bu təşkilatlar tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunub.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, ilk dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak etmək hüququ olacaq. Yarışda Azərbaycanla yanaşı, daha 6 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.
Ağır atletika üzrə turnir üç kateqoriya üzrə (13-14, 15-16 və 17-18 yaş), müvafiq beynəlxalq qaydalar üzrə keçiriləcək və şəxsi birincilik xarakteri daşıyacaq. Qaliblər hər yaş qrupunda "Sinkler” cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcək.
Hər yaş qrupunda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar diplomlar, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.