"Formula-1” yarışlarının əfsanəvi pilotu Mixael Şumaherin səhhətində irəliləyiş yoxdur. Olimpnews.az saytının məlumatına görə, onun ailəsi müalicəyə külli miqdarda pul xərcləsə də, pilotun səhhətində müsbət heç nə müşahidə olunmur. Qeyd edək ki, Şumaherin müalicəsinə və həkimlərə hər ay təxminən 500 min avro pul xərclənir.
Əfsanəvi pilot karyerası ərzində ümumilikdə 715 milyon avro vəsait qazanıb. Onun ailəsində müalicə üçün hələ kifayət qədər pul olsa da, qohumları idmançının sifarişi ilə xüsusi avadanlıqla təchiz edilən "Ferrari FXX Evoluzione” avtomobilini 11,2 milyon avroya satışa çıxarıb.
Mixael Şumaherin vəziyyətinin stabil olduğu bildirilsə də, o, əvvəlki kimi yaxınları ilə ünsiyyət qura və gəzə bilmir, həmçinin ətrafında baş verənləri qavramağı bacarmır.
Xatırladaq ki, məşhur pilot 2013-cü ilin sonunda xizəklə sürüşən zaman yıxılaraq ağır kəllə-beyin xəsarəti alıb və yarım ildən çox süni koma vəziyyətində saxlanılıb. Keçən ilin sentyabr ayında Lozanna xəstəxanasından evə buraxılan idmançı Cenevrə gölünün sahilində yerləşən malikanəsində bərpa kursu keçir.