Formula-1 Avropa “Qran pri”si üçün akkreditasiyanın vaxtı müəyyənləşdi

Formula-1 Avropa “Qran pri”si üçün akkreditasiyanın vaxtı müəyyənləşdi


Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Formula-1 Avropa "Qran pri”sinin akkreditasiya qaydaları haqqında seminar keçirib.

Olimpnews.az saytının məlumatına görə, «Hilton Baku» hotelində keçirilən seminarda iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula-1 yarışının akkreditasiya prosesi haqqında məlumat verilib. Qeyd olundu ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.

BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri və "Formula-1” Avropa "Qran pri”sinin milli mətbuat katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət etdi.

Sonra çıxış edən BŞH-nın KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları barəsində məlumat verdi.

Seminar Avropa "Qran pri”sinin rəsmi elçisi Rəhim Əliyev tədbir iştirakçılarına "Qran pri” yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verərək və bu sahədəki təcrübəsini yerli media nümayəndələri ilə bölüşdü.

Çıxışlar başa çatdıqdan sonra BŞH-nın media əməliyyatları üzrə nümayəndələri jurnalistlərin akkreditasiya prosesi və yarışla əlaqədar suallarını cavablandırdılar.