Beynəlxalq miqyaslı yarışlar ikiqat məsuliyyət tələb edir

Beynəlxalq miqyaslı yarışlar ikiqat məsuliyyət tələb edir
Xəbər verdiyimiz kimi, fevralın 13-14-də İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Olimpnews.az saytının məlumatına görə, 21 ölkədən 306 (183 oğlan, 123 qız) cüdoçunun iştirak etdiyi yarışda ölkə təmsilçilərimiz də qüvvələrini sınayıblar. İspaniya sınağına baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında 14 cüdoçu (8 oğlan, 6 qız) ilə yollanan komandamız uğurla çıxış edib. Qitə kubokunda 9 medal (5 qızıl, 1 gümüş və 4 bürünc) qazanan komandamız yekunda Avropa kubokunu birinci pillədə başa vurub. Sevindirici haldır ki, bu mötəbər yarışı idarə edən hakimlər arasında həmyerlimiz də yer alıb. Belə ki, respublika dərəcəli hakim Mətin Rəhimli ilk dəfə olaraq beynəlxalq miqyaslı yarışda görüşləri idarə etmək imkanından yararlanıb.

Bu barədə məlumat almaq üçün Mətin Rəhimli ilə əlaqə saxladıq. Ədalət təmsilçimiz Avropa kuboku ilə bağlı bunları dedi: "İspaniyada keçirilən yarışlar yüksək səviyyədə təşkil olunumşdu. Azərbaycan idmançıları həmin yarışa ən yaxşı heyətlə yollanmışdılar. Hakim kimi isə bu yarışlarda ölkəmizi mən təmsil etdim. Ölkə miqyaslı yarışlardan sonra ilk dəfə idi ki, özümü beynəlxalq arenada sınayırdım. İlk addımım uğurlu oldu. Hətta 66 kq çəki dərəsində çıxış edən idmançıların final qarşılaşmasını idarə etdim. Görünür bu, mənim bacarığıma verilən qiymətin və göstərilən etimadın təzahürü idi”.

Müsahibimiz hakimlik üçün uzun müddət hazırlaşdığını da bildirdi. "Hakimlik çox məsuliyyətli bir peşədir. Verilən qərarlar qərəzsiz olmalıdır. Beynəlxalq miqyaslı yarışlar isə ikiqat məsuliyyət tələb edir. Eyni zamanda, dil problemini aradan qaldırmaq lazımdır. Məhz bu səbəbdən bir ilə yaxındır ki, xarici dil kurslarında iştirak edirəm. Bu müddət ərzində öyrəndiklərim İspaniyada köməyimə çatdı. Hesab edirəm ki, qarşıdakı yarışlarda daha səlist danışmağı bacaracağam. Qeyd edim ki, aprel ayında İtaliyada hakimlik üçün imtahanlar başlayacaq. Çalışacağam ki, həmin sınaqdan da üzüağ çıxım”.