Azərbaycan paytaxtında keçiriləcək "Formula-1” üzrə Avropa Qran-prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri görülür. İndiki mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılır.
Olimpnews.az saytının məlumatına görə, Avropa Qran-prisinin təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti şəhər sakinlərinin möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirir. Plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərinin anlayışına və davamlı dəstəyinə ehtiyac var. Belə ki, hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılmaqdadır. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidir, hətta bəzi hallarda işin gedişini tamamilə əngəlləyir.
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobillərinizi saxlamamağınızı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.
Əməliyyat şirkəti tikinti-quraşdırma işlərinin davam etdiyi yerlərdə həm avtomobillərin mümkün zərərdən qorunmasında, həm də yarışa hazırlıq işlərinin aramsız şəkildə həyata keçirilməsində göstərəcəyiniz anlayışa görə təşəkkür edir, verilən müvəqqəti narahatlığa görə üzr istəyir.