Formula-1 Avropa Qran-prisi "Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. Olimpnews.az saytının məlumatına görə, idmançı 1 dəqiqə 48,942 saniyəlik nəticə ilə birinci olub. İkinci yeri "Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə "Force İndia”nın sürücüsü Serxio Peres tutub.
Yarış 1 saat 32 dəqiqə 52 saniyə davam edib. Bolidlər Bakı trasında 6,003 kilometr məsafədə 51 dövrə vurublar.
Qaliblərin mükafatlandırılması mərasimində birinci yeri tutan pilotun – Niko Rosberqin şərəfinə Almaniyanın dövlət himni səsləndirilib.
Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu "Mercedes” komandasının nümayəndəsinə təqdim edib.
Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olunub.
Formula-1 Avropa Qan-prisində ilk 18 yerin sahibi olan pilotlar aşağıdakılardır:
1. Niko Rosberq (Mercedes)
2. Sebastian Fettel (Ferrari)
3. Serxio Peres (Force İndia)
4. Kimi Raykonnen (Ferrari)
5. Luis Hamilton (Mercedes)
6. Valtteri Bottas (Williams)
7. Daniel Rikkardo (Red Bull Racing)
8. Maks Ferstappen (Toro Rosso)
9. Niko Hulkenberq (Force İndia)
10. Felipe Massa (Williams)
11. Censon Batton (McLaren)
12. Felipe Nasr (Sauber)
13. Roman Qrojan (Haas)
14. Kevin Maqnussen (Renualt)
15. Colion Palmer (Renault)
16. Estaban Qutyerres (Haas)
17. Markus Erikson (Sauber)
18. Rio Haryanto (Manor)
Formula-1 Avropa Qran-prisindəki qələbədən sonra "Mercedes”in pilotu Niko Rosberq 141 xalla cari çempionatda liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələnin dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya Qran-priləri) qalib gəlib.
Avropa Qran-prisində ən yüksək sürət "Mercedes”in pilotu Luis Hamiltona məxsusdur. O, bolidini saatda 364 kilometr sürətlə idarə edib. İyunun 18-də test yürüşündə isə "Williams” komandasının pilotu Valtteri Bottas bolidini saatda 377 kilometr sürətlə idarə etmişdi.
Çempionatın növbəti – doqquzuncu yarışı olan Avstriya Qran-prisi iyulun 1-3-də keçiriləcək.