Boksçumuz Varşavadan gümüş medalla qayıtdı

Boksçumuz Varşavadan gümüş medalla qayıtdı


Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub. Yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsində qadınlar da mübarizə aparıb. Varşavada 22 ölkənin nümayəndələri güclərini sınayıb ki, onların arasında Avstraliya, Braziliya, Yeni Zelandiya, Qazaxıstan kimi qeyri Avropa dövlətləri də olub. Yarışda Azərbaycan milli komandasının üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyevna (60 kq) da çıxış ediblər. Alekseyevna finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Belə ki, boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Bununla milli komandamızın üzvü 2-ci yerlə kifayətlənib. Qeyd edək ki, Polşada təlim-məşq toplanışı zamanı digər boksçularımız sparinq-döyüşlərdə iştirak ediblər. Anna Əlimərdanova (60 kq) İtaliya və Monqolustandan olan rəqiblərini məğlub edib. Anaxanım Ağayeva (51 kq) isə macar və finlandiyalı idmançılar üzərində qələbə qazanıb.
Qeyd edək ki, qadınlardan ibarət millimiz mayın 12-də Qazaxıstana yol düşəcəklər. Boksçularımız yerli komanda da daxil olmaqla, Ukrayna, Rusiya və Hindistan idmançıları ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər.

Aysel Sultanova