Beynəlxalq yarışlarda uğur qazanan cüdoçular mükafatlandırılıblar

Beynəlxalq yarışlarda uğur qazanan cüdoçular mükafatlandırılıblar



Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev beynəlxalq yarışlarda medal qazanmış cüdo üzrə milli komandalarımızın üzvləri və məşqçi heyəti ilə görüşüb.

R.Abdullayev ilk olaraq Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXX: Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş idmançıları təbrik edib.

Məlumat verilib ki, ötən bir ildə idmançılarımız 41 beynəlxalq səviyyəli yarışda 150 medal qazanıblar. Bunlardan 50-si qızıl, 29-u gümüş və 71-i bürünc medaldır. Bu yarışlardan ən mötəbəri hesab olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın iki cüdoçusu - Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medala sahib olublar. Bu tarixi zəfərlərə imza atan hər iki cüdoçumuz hazırda öz çəki dərəcələrində bütün rəqiblərini qabaqlayaraq Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə başçılıq edirlər. Həmçinin Rioda keçirilən XV Yay Paralimpiya Oyunları da Azərbaycan cüdoçuları üçün uğurlu olub. Paracüdoçularımızdan 3 nəfər ölkəmizə medal gətirib.

Bildirilib ki, nailiyyətlər bununla bitmir. 2016-cı ilin aprelində Kazanda keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət seçmə komandası cüdo tariximizdə ilk dəfə olaraq komanda yarışlarına qatılıb və bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı, gənc və yeniyetmə cüdoçularımızın da inkişaf perspektivlərinə böyük önəm verir. Gənc və yeniyetmə cüdoçularımız da ötən müddətdə Avropa birinciliyində böyük uğur qazanıb. Gənclərdən ibarət milli komandamız İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa birinciliyinin fərdi yarışlarında iki qızıl medal qazanmaqla yanaşı, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq komanda yarışlarında finala yüksələrək gümüş medala layiq görülüb. Yeniyetmə cüdoçularımız isə Finlandiyanın Vantaa şəhərində baş tutmuş Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Diqqətə çatdırılıb ki, bununla yanaşı, qabaqcıl məşqçilərimiz, hakimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. Bu il Xorvatiyada keçirilən Avropa çempionatına veteran cüdoçularımız ezam olunub və onlar Vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar. Ötən müddətdə respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub. Bu ilin may ayında Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə” turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxalq Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da əksini tapıb.
Vurğulanıb ki, Beynəlxalq Cüdo Federasiyasının Rio-de-Janeyroda keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bu barədə müvafiq saziş yaxın zamanda imzalanacaq.

R.Abdullayev idmançıları bir daha təbrik edərək idmançılarımızın bütün yarışlarda iştiraklarının təmin edilməsinin və Tokio Olimpiadasına daha çox lisenziyanın qazanılmasının vacibliyini bildirib. Federasiya prezidenti qeyd edib ki, lisenziya qazanan idmançılar üçün xüsusi mükafatlar müəyyənləşdirilib. Həmçinin 2018-ci ildə cüdo üzrə dünya çempionatının yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıqlar həyata keçiriləcək.

Sonra beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız, onların şəxsi məşqçiləri və milli komandanın məşqçisi və texniki heyətinin üzvlərinə pul mükafatları, qiymətli hədiyyələr təqdim edilib. Rio Olimpiya Oyunlarının mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov isə cüdo kimonosunu R.Abdullayevə təqdim ediblər. Azərbaycan Cüdo Federasiyasının prezidenti idmançılarımıza gələcək yarışlarda uğurlar arzulayıb və onlarla xatirə şəkli çəkdirib.