Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında

Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında
Əvvəli: http://olimpnews.az/8551/get+Az%C9%99rbaycan+g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri+Olimpiya+Oyunlar%C4%B1nda#.WADlLNR974Y

XXVII Yay Olimpiya Oyunları, Sidney-2000

Respublikamız bu növdə üç güləşçi ilə təmsil olunmuşdu. 54 kq çəki dərəcəsində 1993-cü ilin Avropa çempionu, 1995-ci il dünya çempionatının gümüş mükafatçısı, beynəlxalq dərəcəli usta Natiq Eyvazov ilk görüşdə yeni zelandiyalı güləşçiyə tam üstünlüklə qalib gəldikdən sonra növbəti görüşdə kubalı L.Rivasa xal hesabı ilə məğlub oldu. Qrupda keçirdiyi üçüncü görüşündə türk güləşçisinə qalib gələn Natiq nəticədə 7-ci yerlə kifayətlənməli oldu.

69 kq çəki dərəcəsində yarışan daha təcrübəli usta, 4 dəfə dünya çempionu İslam Duduçiyevə böyük ümid bəslənirdi. Lakin o, imkanlarından aşağı səviyyədə çıxış edərək Olimpiya Oyunlarını 6-cı yerdə başa vurdu. İlk iki görüşdə İran və Finlandiya güləşçilərinə qalib gələn İslam estoniyalı güləşçi Nikitinlə görüşdə gözlənilməz səhvə yol verərək məğlub oldu.

Zədələndiyinə görə 5-ci və 6-cı yerlər uğrunda koreyalı güləşçiyə qarşı görüşdən imtina edən idmançımız 6-cı yerlə kifayətləndi.

76 kq çəki dərəcəsində güclü güləşçilərlə bir qrupda yarışan Xviça Bçinaşvili hər iki rəqibinə (Koreya və Türkiyə güləşçilərinə) məğlub olaraq mübarizəni dayandırmalı oldu.

Yunan-Roma güləşçilərinə böyük ümidlər bəslənilsə də, onlar imkanlarından aşağı səviyyədə çıxış etdilər. Lakin əvvəlki Olimpiya Oyunları ilə müqayisədə, yunan-Roma güləşçilərimiz tərəfindən müəyyən irəliləyişlər əldə edilmişdi. İlk növbədə, bu, qazanılmış lisenziyaların sayında əks olunurdu. Belə ki, Atlanta Olimpiya Oyunlarına yalnız iki yunan-Roma güləşçimiz - Tahir Zahidov Avropa çempionatında 8-ci yerə, Vilayət Ağayev isə həmin yarışda 7-ci yerə çıxmaqla lisenziya qazanmışdı. Sidney-2000 Olimpiya Oyunlarına isə üç idmançımız çox mötəbər beynəlxalq turnirlərdə yüksək nəticə göstərərək iştirak etmək hüququna malik olmuşdular. Əgər Atlantada 1 idmançımız - Vilayət Ağayev onluğa düşmüş, Tahir Zahidov isə 11-ci yerə çıxmışdısa, Sidneydə Natiq Eyvazov 7-ci yerə, İslam Duduçiyev 6-cı yerə layiq görülmüşdülər.

XXVII Yay Olimpiya Oyunlarda milli komandamız daha çox sayda (6 idmançı) sərbəst güləşçi ilə təmsil olunmuşdu.

58 kq çəki dərəcəsində yarışan Arif Abdullayev ilk görüşündə Almaniya güləşçisinə qalib gəldi və növbəti görüşündə ukraynalı güləşçi ilə qarşılaşdı. Bu görüş 5:2 hesabı ilə Arifin xeyrinə nəticələnsə də, Ukrayna nümayəndə heyətinin etirazına əsasən təkrar görüş keçirildi. Təkrar görüşün qurtarmasına 27 saniyə qalmış 5:2 hesabı ilə irəlidə olan güləşçimiz bir an sayıqlığını itirərək, rəqibin bir-birinin ardınca iki fənd işlətməsinə və 5 xal əldə etməsinə, bununla da 7:5 hesabı ilə qələbə qazanmasına imkan verdi. Arif Abdullayev daha bir görüşü uduzaraq 10-cu yeri tutdu. 63 kq çəki dərəcəsində yarışan təcrübəli güləşçi, Şamil Əfəndiyev qrupda keçirdiyi 3 görüşdən ikisində (slovakiyalı və avstriyalı güləşçilərlə görüşdə) qələbə qazansa da, növbəti mərhələyə çıxmaq üçün koreyalı güləşçi ilə görüşdə məğlubiyyətə uğrayaraq mübarizəni dayandırdı. Nəticədə, Ş.Əfəndiyev 7-ci yerlə kifayətlənməli oldu.

76 kq çəki dərəcəsində çıxış edən Atlanta Olimpiadasının iştirakçısı, beynəlxalq dərəcəli usta Elşad Allahverdiyev son dərəcə zəfi çıxış edərək qrupda keçirdiyi bütün görüşlərdə məğlubiyyətə uğradı.

Atlanta Olimpiadasının iştirakçısı, 97 kq çəki dərəcəsində çıxış edən Davud Məhəmmədov da qrupdakı görüşlərini imkanlarından xeyli aşağı səviyyədə keçirərək heç bir qələbə qazana bilmədi.

Ağır çəkili pəhləvanlar arasında yarışan (130 kq) Rəcəb Əshəbəliyev ilk görüşündə Ukrayna güləşçisi üzərində təmiz qələbə qazansa da, sonrakı görüşdə amerikalı M.Kerriyə məğlub oldu və 9-cu yeri tutdu.

Atlanta Olimpiadasının final görüşündə hakimlərin qeyri-obyektivliyi üzündən gümüş medalla kifayətlənmiş Namiq Abdullayev bu dəfə qızıl medal uğrunda mübarizəyə tam qətiyyətlə qoşulmuşdu.

19 güləşçinin yarışdığı 54 kq çəki dərəcəsində çıxış edən Namiq koreyalı Kim Ki Doila və Yeni Zelandiyadan olan Lidlle Martinə tam üstünlüklə qalib gəldi. O, üçüncü görüşdə Yunanıstan pəhləvanı üzərində parlaq qələbə qazanaraq finalda yarışmaq hüququ əldə etdi. Finalda Namiqin rəqibi amerikalı dünya çempionu Samuel Henson oldu.

Görüşü yüksək səviyyədə keçirən güləşçimiz görüşün qurtarmasına 58 saniyə qalmış (hesab 3:3 olarkən) sürətli bir fənd işlədərək dördüncü xalı qazadı və bu "qızıl” xalı görüşün sonunadək saxlaya bildi. Bu isə qələbə demək idi. Namiq Abdullayev XXVII Yay Olimpiya Oyunlarının çempionu adına layiq görüldü.

Dilqəm Quliyev,
professor

(ardı var)