"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən təşkil olunan "Formula-1 jurnalistlərin gözü ilə” mövzusunda məqalə müsabiqəsi davam edir.
Müsabiqənin keçirilməsində məqsəd Bakıda keçirilən Formula-1 yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında idmanın bu növü haqqında məlumatlılığı artırmaqdır.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edərək bildirib: "Bu il Bakı ilk dəfə Formula-1 Avropa Qran-prisinə ev sahibliyi etdi. Dünya miqyaslı bu mühüm yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsət oldu. Fürsətdən istifadə edərək jurnalistləri bu müsabiqədə fəal iştiraka çağırıram. İnanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində Formula-1 yarışına yaxından bələd olacaq. Bu da ölkəmizdə idmanın bu növünün azarkeşlərinin sıralarını daha da genişləndirəcək”.
Dekabrın 25-dək davam edəcək müsabiqədə bütün çap və internet mediasının vətəndaşlığından asılı olmayaraq, Azərbaycanda yaşayan və ya işləyən, 21 yaşı tamam olmuş nümayəndələri iştirak edə bilərlər.
Müsabiqənin nəticələri gələn il yanvarın 14-də elan olunacaq. Qalib 2017-ci il Formula-1 mövsümündən əvvəl Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya səyahət bileti qazanacaq.