Olimpiya Oyunları estetika və gözəllik mənbəyidir

Olimpiya Oyunları estetika və gözəllik mənbəyidir

Olimpiya Oyunları hələ çox qədim zamanlardan mövcud olmuş, insanların öz səhhətlərini qorumaq, fiziki kamillik, bədən gözəlliyi və güc əldə etmək vasitələrindən başqa, həm də estetik zövq mənbəyi, gözəllik və tamaşa kimi geniş yayılmışdır. Olimpiadaların açılışı və bağlanışı münasibətilə keçirilən rəsmi parad əsil gözəllik bayramına, xoşa gələn kütləvi estetik səhnəyə, əvəzsiz tamaşaya çevrilir. İdman mübarizəsi bayram əhval-ruhiyyəsinə, şadlıq və sevincə, təntənəli estetik nümayişə qarışır.

Qədim Yunanıstanda Olimpə yalnız oyunlara tamaşa etmək üçün deyil, onlar həm də adamlara tamaşa etmək və özlərini göstərmək üçün gəlirdilər: camaatın arasında Ərəstuna, Sokrata, Əflatuna və s. rast gəlmək olardı. Dünyanın birinci peşəkar tarixçisi Herodot Zevsin məbədinin qarşısında öz əsərlərini oxuyaraq, məhz burada özünə şöhrət qazanmışdır.



Adamlar, məbədi bəzəyən incəsənət əsərlərindən həzz almaq üçün bura gəlirdilər. İlk dəfə bu məbəddə olan şəxs onun gözəlliyinə valeh olurdu. Bir yazıçının ifadəsinə əsasən nə vaxtsa bu xarabalıqların yerində, ”heykəllər meşəsi” adlanan minlərlə şah əsərləri var idi.
Yalnız onların bəziləri bizim dövrə qədər qalmışdır - arxeoloqlar onları yarım əsrdən çox çay daşlarının altından tapıb çıxarmışlar. Təəssüflər olsun ki, dünyanın 7 möcüzəsindən biri sayılan və məbəddə yerləşən Zevsin əfsanəvi heykəlindən əsər - əlamət qalmamışdır.
Olimpiya Oyunları, habelə digər ənənəvi oyunlar da əsil bayrama çevrilirdi. Onların başlıca xüsusiyyətlərindən kütləvilik idi. Oyunlar idman və gözəllik bayramı olub kütləvi maraq doğururdu.
Olimpiya oyunlarının yenidən bərpasına nail olmuş Pyer de Kuberten 1906-cı ildə oyunlar dövründə incəsənət müsabiqələrinin təşkili ideyasını ortaya atmışdı. 1912-1948-ci illərdə belə müsabiqələr bilavasitə Olimpiya oyunlarının proqramlarına daxil edilmişdir. Müsabiqələrdə arxitektura, rəngkarlıq və heykəltəraşlıq işləri, nümayiş etdirilir, bədii və musiqi əsərləri ifa olunurdu. Müsabiqə laureatlarının əsərləri Olimpiya medalları ilə mükafatlandırılırdı. Bu gözəl ənənə bu gün bir qədər başqa şəkildə olsa da davam etdirilir.
Ümumiyyətlə, Olimpiya Oyunları müharibəyə zidd olub xalqlar arasında sülh və əminamanlıq işinə, birlik və əməkdaşlığa xidmət edir. Olimpiya Oyunları vaxtı idmançılar ölkəsindən, ictimai-siyasi quruluşundan, mövqeyindən, milli və irqi mənsubiyyətindən, dilindən, dünyagörüşündən, əqidə və əməllərindən və sairədən asılı olmayaraq əsil idman mübarizəsi, tam obyektivlik və bərabərlik şəraitində çıxış etməyə söz verirlər.
Olimpiya Oyunları idmanın müxtəlif növləri üzrə böyük maraq doğurur, gərgin idman mübariz-əsinə və yarışlara səbəb olur ki, bunların hamısı dostluq, birlik, əmək-daşlıq, düzlük və sədaqət ruhunda aparılır. Yarışlar böyük estetik və etik məqsədlər güdür.
1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi İdarəsinin «Mədəniyyət və təhsil» proqramı çərçivəsində keçirdiyi «Olimpiya, incəsənət və idman» müsabiqəsini YUNESKO rəğbətlə qarşılamışdı.

Ölkəmizdə də Olimpiya Oyunlarında düzlük, sədaqət ruhunun təbliği istiqamətində bir sıra işlər həyata keçirilməkdədir. 2004-cü il iyulun 22-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında «Olimpiya ruhu» sərgisinin açılış mərasimi olmuşdur. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos iştirak etmişdir.
«Antik Olimpiya Oyunları», «1896-cı ildə Afina Olimpiya Oyunlarının bərpası» və «Afina-2004» bölmələrindən ibarət olmuşdur. Birinci və ikinci bölmələr Yunanıstan muzeyləri və arxivlərinin eksponatları əsasında hazırlanmışdır. Burada Azərbaycan rəssamı Kərim Səlalın "Afina-2004” adlı əsəri də nümayiş etdirilmişdir.

2004-cü il fevralın 11-də Mədəniyyət Olimpiadası üzrə Azərbaycan Milli Komitəsinin ilk toplantısı keçirilmişdir. Mərasimi giriş sözü ilə açan Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Merkuris Karafotias belə bir Komitənin yaranma zərurətindən danışıb. Bildirib ki, XXVIII Yay Olimpiya Oyunları olimpiadaların vətəni olan Yunanıstanda keçiriləcək. «Bu Olimpiya Oyunları həm də üçüncü minilliyin, yeni əsrin ilk Olimpiadası kimi yaddaqalan olacaq.
Artıq dünyanın 42 ölkəsində Mədəniyyət Olimpiadası üzrə Milli Komitələr yaranıb, fəaliyyətə başlayıb.
Sevindirici haldır ki, Mədəniyyət Olimpiadası üzrə Milli Komitələrin yarandığı 42 ölkədən biri də Azərbaycandır. Elə bu özü Azərbaycanda idmana, mədəniyyətə göstərilən diqqət və qayğının təcəssümüdür.
Mədəniyyət Olimpiadası üzrə Azərbaycan Milli Komitəsinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsi təqdirəlayiq haldır», - deyə səfir bildirib.

Sonra «Azərbaycan Mədəniyyətinin dostlar fondu»nun, eyni zamanda Mədəniyyət Olimpiadası üzrə Azərbaycan Milli Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva çıxış edərək bildirib ki, son illər Azərbaycan idmançıları beynəlxalq və dünya miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edir, yüksək yerlərə layiq görülür, respublikamıza qələbə ilə qayıdırlar: «Azərbaycan qədim tarixə, mədəniyyətə, zəngin ənənələrə malik olan bir ölkədir. Bu gün bütün bunları dünyaya çatdırmaq, nümayiş etdirmək hər bir azərbaycanlının borcudur və bu, çox vacibdir. Məhz buna görə də, eşidəndə ki, Yunanıstanda XXVIII Yay Olimpiya Oyunları çərçivəsində "Mədəniyyət Olimpiadası” keçirilir və Milli Komitələr yaradılır, biz də bunu məmnunluq və həvəslə qəbul etdik. Ötən ilin noyabr ayında "Mədəniyyət Olimpiadası” üzrə Azərbaycanın Milli Komitəsi yaradıldı. Zəngin, mədəni irsimizi bütün dünyaya çatdırmaq, təqdim etmək bizim komitənin ən əsas və ən vacib vəzifəsi olacaq».
Mehriban xanım Əliyeva Sidney Olimpiadasını yada salaraq dedi ki, orada "Azərbaycan günü” keçirilmişdir. Burada Azərbaycanın əl işlərindən, rəsm əsərlərindən, qədim xalçalarından ibarət sərgi nümayiş etdirilmişdi. Sərgiyə müxtəlif ölkələrdən çoxsaylı qonaqlar dəvət olunmuşdu və sərgi onların hər birində böyük maraq oyatdı.

Mehriban xanım eyni zamanda vurğuladı ki, Sidney Olimpiadasında olduğu kimi, Afina Olimpiadasında da Azərbaycan günü təşkil olunacaq. «Biz bunu daha yüksək səviyyədə təşkil edəcəyik. Bizim çox qədim tariximiz, zəngin mədəniyyətimiz var. Bu gün bunu bütün dünya görməlidir və bilməlidir. Afinada biz idmanla yanaşı, mədəniyyət proqramı da hazırlayacağıq. Sənət əsərlərimizi Afinaya aparacağıq. Yəni, Azərbaycan mədəniyyətinə məxsus olan bütün tərəfləri, incəlikləri Afinada layiqincə göstərməyə,nümayiş etdirməyə çalışacağıq», - deyə Mehriban Əliyeva vurğulayıb.
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında 204 ölkənin idmançıları iştirak etmişdir.
Pekinin mərkəzi stadionu al-əlvan örtüyə bürünmüş, gözəl və yaraşıqlı gənclərin milli geyimlərlə, rəngarəng bayraqlarla keçən təntənəli paradından könülaçan əsrarəngiz bir şəkilə düşmüşdür. Adam Faustun məşhur "dayan, dur, sən nə gözəlsən!” sözlərini xatırlayırdı. Olimpiya məşəli stadiona gətirildi və Olimpiya tonqalı yandırıldı.

Avqustun 10-da Çin Xalq Respublikasının paytaxtı Pekində - XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü” keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Mərasimin keçirildiyi salon ölkəmizin dövlət bayrağı ilə, Azərbaycana xas milli üslubda zövqlə bəzədilmişdi. Burada quraşdırılmış iri ekranlarda Azərbaycanın mədəniyyəti və incəsənətindən, tarixindən, müasir inkişafından bəhs edən videomateriallar nümayiş etdirilirdi.
Mərasimə dəvət olunmuş beynəlxalq idman federasiyalarının rəhbərləri Azərbaycan Prezidentini və xanımını səmimiyyətlə qarşıladılar. Onlar dövlətimizin başçısı ilə müxtəlif vaxtlarda görüşlərini xatırladaraq, bunun onlarda xoş təəssürat yaratdığını bildirdilər. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, ilk növbədə, mən bizim bu gecəmizə təşrif gətirdiyinizə görə Sizin hamınıza təşəkkür etmək istərdim: «Bu gün biz Pekində "Azərbaycan günü” keçiririk. Biz bu gün mədəniyyətimiz, tariximiz və idman tariximiz haqqında kiçik bir təqdimat etmək istəyirik. Müstəqil ölkə kimi Azərbaycan artıq dördüncü dəfədir ki, Olimpiya Oyunlarında iştirak edir. İndiyədək bizim iştirakımız uğurlu olub, hər növbəti Olimpiya Oyunlarında əvvəlkindən daha çox medal qazanmışıq. Ümid edirəm ki, bu yaxşı ənənə davam edəcəkdir.

Ümumiyyətlə, biz idmanın inkişafına çox diqqət yetiririk.Belə ki, idman bizim ictimai həyatımızın vacib bir amilidir. Olimpiya hərəkatının inkişafına böyük diqqət yetirilir. Azərbaycan regionumuzda və bütün dünyada Olimpiya hərəkatında əhəmiyyətli rol oynayır və Olimpiya idealarını tam bölüşür. Olimpiya Oyunları, sadəcə, dünyanın əsas idman hadisəsi deyil, eyni zamanda, bu Oyunlar qlobal miqyasda ən əhəmiyyətli hadisədir. Olimpiya oyunları, sadəcə, idman və yarışma deyil, eyni zamanda, dostluq, tərəfdaşlıq və qarşılıqlı dəstək deməkdir və təbii ki, bu, idmançılar üçün yaddaqalan nümunədir. Əminəm ki, onlar bunu bütün həyatı boyu xatırlayacaqlar. Onların öz qabiliyyətini nümayiş etdirmək, öz ölkələrinin idman şərəfini qorumaq və eyni zamanda, əminəm ki, burada dostlar qazanmaq imkanı olacaqdır».
Pekində keçirilən "Azərbaycan günü” ölkəmizin mədəni irsinin, musiqisinin, mətbəxinin təbliği baxımından mühüm əhəmiyyət daşıyırdı. Mərasimə dəvət olunan xarici ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən, diplomatlar, Milli Olimpiya Komitələrinin rəhbərləri Prezident İlham Əliyevlə söhbətlərində bu tədbirin Azərbaycanla yaxından tanış olmaq üçün gözəl fürsət olduğunu bildirdilər.
Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kou Vu, Türkiyə Olimpiya Komitəsinin prezidenti Toqay Boyatlı, Türkiyənin idman işləri üzrə dövlət naziri Murad Başəskioğlu, Ukrayna Olimpiya Komitəsinin prezidenti Sergey Bubka, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnov, Belarus Olimpiya Komitəsinin baş katibi Georgi Katulin, Polşa Olimpiya Komitəsinin prezidenti Pyotr Nurevski, Moldova Olimpiya Komitəsinin prezidenti Valeri Çapkun, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhoff ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini xatırladaraq, Azərbaycanda Olimpiya hərəkatının sürətlə inkişaf etdiyini vurğuladılar və idmana göstərilən qayğını yüksək qiymətləndirdilər. Mərasimdə nümayiş etdirilən Azərbaycanın nəfis xalçaları, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri ilə maraqla tanış olan qonaqlar zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin böyük təəssürat doğurduğunu söylədilər. Dövlətimizin başçısı ölkəmizin zəngin mədəni irsinin təbliğinə böyük diqqət yetirildiyini, Pekində təşkil olunan "Azərbaycan günü”nün bu istiqamətdə görülən işlərdən biri olduğunu dedi. Eyni zamanda, bildirdi ki, Azərbaycanda mədəniyyətlə yanaşı, bütün digər sahələrin inkişafına da xüsusi diqqət yetirilir.

Olimpiya Oyunlarının keçirildiyi yerlərin estetik gözəlliyi də çox vacib məsələlərdəndir və burada da bir növ incəsənət müəssisələrinə: teatr, kino və konsert salonlarına, sirklərə müəyyən yaxınlıq və ümumilik vardır. Bu gün Olimpiya Oyunlarının daha canlı və təsirli çıxması, estetik zövq verməsi binanın, meydançanın yaraşığından da çox asılıdır.
Arxitektura gözəlliyi, idmanın keçirildiyi yerin yaraşıq və rahatlığı, estetik forması, tamaşaçı üçün xoşagələn və maraqlı olması, tərtibatın incəliyi, şəraitin yüksək məədəni səviyyədə olması Olimpiya Oyunlarının gözəlliyini daha da artırır, əsil estetik zövq mənbəyinə çevrilməsini təmin edir. Bunun parlaq nümunəsi Olimpiya Oyunlarının keçirildiyi yerlər: stadionlar və «Olimpiya kəndləri», futbol oyunlarının aparıldığı stadion və meydançalar, idman sarayları və tikintiləridir. Ölkəmizin Heydər Əliyev adına «İdman-Konsert Kompleksi», paytaxtın məşhur «İdman Oyunları Sarayı», Tofiq Bəhrəmov adına Respublika Stadionu, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran, Quba, Şamaxı, Zaqatala, Masallı, Qazax, Ağdam, Şəmkir, Şərur, Hövsan, Ağdaş, Göyçay və başqa rayonlarda tikilmiş yeni Olimpiya İdman Komleksləri insanı özünün arxitektura gözəlliyi ilə heyran edir. Belə yerlərdə təşkil olunan idman yarışları əsil gözəllik bayramına, idmanla yanaşı həm də estetika, sənət hadisələrinə çevrilir.
Yeri gəlmişkən deyək ki, bu cəhətdə respublikamızın və şəhərimizin idman təşkilatları ciddi fikir verir, tamaşaçını sevindirməsi üçün yerləri estetik formada olmasına, kifayət qədər müasir idman bazaları və meydançalarının tikilib istifadəyə verilməsinə, onlarda idmançı və tamaşaçının rahatlığı üçün hər cür şəraitin yaradılması qayğısına qalarlar.
İndi şəhərimizə layiq gözəl və iri, müasir ruhlu sirk binamız olduğu kimi, yüksək tələblərə cavab verən, müasir səviyyədə duran daha iri və yaraşıqlı futbol meydançamız da vardır. Belə idman meydançası idmanın geniş təbliği, minlərlə tamaşaçıya idman və estetika zövqü vermək sahəsində, Olimpiya Oyunlarının keçirilməsində, habelə əsil bayrama çevriləcək kütləvi yarışların təşkili işində misilsiz rol oynayır.

Əlbəttə, unutmaq olmaz ki, Olimpiya Oyunlarının keçirilməsinin estetik zövqü tamaşaçılardan, şəraitdən də çox asılıdır. Mədəni şərait, rahatlıq, tamaşaçıların qayğı və diqqəti idmanın gözəlliyini daha da artırır, gələnlərə əsil zövq və həz verir, onların rahatlığı və istirahəti üçün əvvəzsiz vasitə olur, xoş və gözəl təəssürat yaradır, uzun müddət xəyaldan çıxmayan izlər buraxır.


Dilqəm Quliyev,
professor