Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinin biletlərinin son iki ayda endirimli qiymətlərlə satışı kampaniyası davam edir. Biletlərin satışında bu il ikiqat artım müşahidə olunur.
Bu sözləri "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim fevralın 14-də jurnalistlərə müsahibəsində deyib.
B.Özərdim deyib: "Ötən il 22 həftədə bilet satışında əldə olunan göstəriciyə hazırda 10 həftədə nail olmuşuq. Bu günədək 40 ölkədən biletlər alınıb. Onların 60 faizi xaricdən, 40 faizi Azərbaycandan alınıb. Xaricdən ən çox bilet alan ölkələr Rusiya, İngiltərə, Ukrayna, Almaniya, Hollandiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir. Hələ ki bu ölkələr xaricə satılan biletlərin 80 faizini alıblar”.
BŞH-nin rəsmisi bildirib ki, bu gündən bilet satışlarında fevral kampaniyasına start verilir. Bu kampaniyada bir bilet alana ikincisi yarı qiymətə təklif olunur. Kampaniya yalnız tribuna üçün olan dördgünlük biletlərə aiddir (Abşeron tribunası xaric olmaqla) və "azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq edilməyəcək. Bundan başqa, BŞH kampaniya çərçivəsində fevralın 14-də onlayn bilet alanlar arasında lotereya keçirir. Çəkilişə əsasən, "Sevgililər günü” kampaniyası ilə əlaqədar olaraq, bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün dördulduzlu hoteldə dörd gün gecələmək, alınan biletlərə əlavə olaraq, pulsuz bir bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir.
"Bu il də Formula-1 yarışları zamanı üç gün böyük konsertlərin təşkil edilməsi planlaşdırılır. Danışıqlar başa çatmaq üzrədir. Konsertlərlə yanaşı, fərqli əyləncələr və konsertlər də olacaq. Bu il üçgünlük biletləri dördgünlük biletlər adlandırmışıq. Burada məqsəd azarkeşlərin iyunun 22-də - yəni həftənin cümə axşamı günü başlayacaq tədbirlərə qatılmasını təmin etməkdir. Tədbirlər iyunun 22-də axşamüstü pit-laynda yürüşlə başlayacaq. Azarkeşlər burada qarajlarla tanış olacaq, pilotlardan imzalar alacaqlar. Cümə günü isə yarışlara start veriləcək”, - deyə B.Özərdim əlavə edib.